Kosmosdan gələn kometa "donmuş vulkan kimi" püskürür

Alimlər müəyyən ediblər ki, ulduzlararası kometa 3I/ATLAS tərkib baxımından NASA-nın Antarktidadan tapdığı xüsusi karbonlu meteoritlərlə oxşardır. Kometa Günəşə yaxınlaşdıqda aktivlik göstərərək “buz püskürmələri” saçır.

Teleqraf xəbər verir ki, bu barədə IFL Science məlumat yayıb.

Yeni araşdırmaya əsasən, 3I/ATLAS tərkib baxımından Antarktidada tapılan karbonlu meteoritlərlə müqayisə edilib və onların arasında uyğunluq aşkarlanıb. Bu meteoritlər 1976-cı ildən NASA tərəfindən toplanır.

Mütəxəssislər bildiriblər ki, kometa çox qədim və karbonla zəngin kosmik cisim ola bilər. Günəşə yaxınlaşdığı zaman o, səthdən buz qatı və qazları çölə ataraq aktivlik göstərib. Alimlər bunun kometanın daxilində olan maddələrin qızması ilə baş verdiyini qeyd edirlər.

Araşdırmaya görə, 3I/ATLAS Günəş sisteminə daxil olmadan əvvəl milyardlarla il ulduzlararası məkanda hərəkət edib. Bu qədər uzun müddət kosmosda mövcud olması onun möhkəm quruluşa malik olduğunu göstərir.

Kometanın ölçüsünün 0,3–5,6 km, öz oxu ətrafında dövr etməsinin isə təxminən 16 saat olduğu bildirilir.

Tədqiqatçılar qeyd ediblər ki, kometa Günəşə yaxınlaşdıqca daha parlaq olub. Yəni səthi isinib və bunun nəticəsində buz qatı əriməyə başlayıb, müəyyən qazlar və hissəciklər kosmosa buraxılıb. Bu da kometanın ətrafında bulanıq qaz buludu (kometa quyruğu) yaradıb.