Lavrov: Rusiya Suriyada heç kimi yarı yolda qoymayıb

Rusiya Suriyada heç kimi yarı yolda qoymayıb və bu ölkədə baş verən hadisələr Suriyanın daxili işi olub.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İranın dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva hazırda Suriyanın yeni hakimiyyət orqanları ilə sabit və konstruktiv münasibətlər saxlayır:

"Qoy misal göstərsinlər ki, Rusiya guya nə vaxtsa kimisə yarı yolda qoyub".

S.Lavrov xatırladıb ki, Rusiya Bəşər Əsəd hökuməti ilə sıx əməkdaşlıq edib və 2015-ci ildə Dəməşq faktiki olaraq mühasirədə olduğu vaxt ona dəstək göstərib:

"Həmin dövrdə Suriyada Rusiya hərbi mövcudluğu - hava və dəniz bazaları yaradılıb, terrorçu qruplaşmaların məhv edilməsi istiqamətində fəal fəaliyyət aparılıb. Biz bu prosesdə beynəlxalq ictimaiyyətin digər üzvləri, ilk növbədə İran və Türkiyə ilə əməkdaşlıq etmişik. Ümumilikdə proses kifayət qədər müsbət idi".

O bildirib ki, Suriyada bir il əvvəl baş verən hadisələr zamanı Rusiyanın orada döyüş bölmələri olmayıb:

“Bizim orada iki hərbi bazamız var idi. Müxalifətin əraziləri ələ keçirmə sürəti gözlənilməz oldu və faktiki olaraq ciddi müqavimət müşahidə edilmədi".

S. Lavrov əlavə edib ki, Moskva hazırda Suriyanın yeni hakimiyyət orqanları ilə təmasları davam etdirir və bütün görüşlərdə Suriya dövlətinin ərazi bütövlüyünün və birliyinin qorunmasının vacibliyini vurğulayır:

"Bu isə aləvilər, sünnilər, druzlar da daxil olmaqla bütün etnik və dini qrupların iştirak etdiyi geniş milli dialoqu zəruri edir".