London məhkəməsi Böyük Britaniyanın Baş naziri Kir Starmerin avtomobilini və əmlakını yandırmaqda təqsirli bilinən iki şəxsi həbs cəzasına məhkum edib.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Ukrayna vətəndaşı Roman Lavrinoviçə yeddi il, Rumıniya vətəndaşı Stanislav Karpyuka isə iki il həbs cəzası verilib.
Old-Beyli məhkəməsində keçirilən dinləmələr zamanı müəyyən edilib ki, yanğınların törədilməsi anonim "Telegram" hesabı vasitəsilə təşkil olunub.
Məhkəmə hesab edib ki, şəxslər ideoloji motiv olmadan cinayətin icraçıları olublar.
Qeyd edək ki, ötən ilin mayında Londonun şimalında əvvəllər Starmerə məxsus olan "Toyota" markalı avtomobil yandırılıb. Daha sonra iki evin, o cümlədən baş nazirin baldızı və ailəsinin yaşadığı evin, eləcə də Starmerin direktor və səhmdarı olduğu şirkətə məxsus daşınmaz əmlakın yandırılmasına cəhd edilib.