Fransa Prezidenti Emmanuel Makron Keniyada keçirilən panel zamanı zaldakı səs-küyə əsəbiləşərək iştirakçıları sərt şəkildə danlayıb.
Sherg.az xəbər verir ki, Makron Nayrobidə təşkil olunan "Afrikanın Gələcəyi” Zirvəsində
çıxış edərkən zaldakı uğultu səbəbindən protokolu pozaraq səhnəyə yaxınlaşıb. O, moderatorun təəccüblü baxışları qarşısında iştirakçılara irad bildirib.
Fransa lideri çıxışı zamanı deyib:
“Bağışlayın uşaqlar, amma bu qədər səs-küylə mədəniyyət haqqında danışmaq mümkün deyil. Bu, tam hörmətsizlikdir. Əgər öz aranızda danışmaq istəyirsinizsə, iclas otaqlarına keçin və ya çölə çıxın. Burada qalacaqsınızsa, danışanı dinləyin. Oldumu? Təşəkkür edirəm”.
Makronun qəfil reaksiyası zalda qısa müddətli təəccüb yaradıb. Daha sonra iştirakçılar onu alqışlayıblar və Fransa Prezidenti yerinə qayıdıb.