"Meta" şirkətinin baş direktoru Mark Zukerberq sosial media asılılığı ilə bağlı şahid kimi çıxış etdiyi məhkəmə prosesində "Instagram"da yaş həddinə nəzarət edilməsinin olduqca çətin olduğunu bildirib.
O, şirkətin biznes modeli baxımından gənc istifadəçilərin əhəmiyyətinin şişirdildiyini iddia edib. Zukerberq şirkətin gəncləri platformaya cəlb etmək və onları aktiv saxlamaq səyləri, eləcə də 13 yaşdan kiçik uşaqlara məxsus hesabların kifayət qədər izlənilib-izlənilməməsi ilə bağlı sualları cavablandırıb. Çünki "Instagram" qaydaları 13 yaşdan kiçik uşaqların tətbiqdən istifadəsini qadağan edir.
Zukerberq bildirib ki, "Meta" 13 yaşdan kiçik uşaqlara məxsus hesabları müəyyən etmək və silmək üçün bəzi "proaktiv vasitələr" hazırlayıb, ancaq buna baxmayaraq, bu, çətin problemdir.
"Yaşı ilə bağlı yalan danışan potensial olaraq xeyli sayda insan var", - deyə Mark Zukerberq qeyd edib.
Qeyd edək ki, "Facebook"un qurucusu və dünyanın beşinci ən varlı insanı olan Mark Zukerberq fevralın 9-da başlayan məhkəmə prosesində ifadə verən ikinci icraçı direktor olub. Məhkəmə prosesi 20 yaşlı Kaley G.M.-in illərdir davam edən ruhi sağlamlıq problemlərinə görə "Meta"nın "Instagram" və "Google"un "YouTube" platformalarının məsuliyyət daşıdığını iddia etməsindən sonra başlanıb.