Türkiyədə rəsmi səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanla Kipr məsələsini müzakirə etdiyini bildirib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Mitsotakis bunu rəsmi görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Yunanıstanın Baş naziri Türkiyə ilə dialoqun aktiv saxlanılmasının və bir sıra məsələlərin müzakirəsinin vacibliyini vurğulayaraq görüşü mühüm fürsət kimi qiymətləndirib. O qeyd edib ki, bu çərçivədə Kipr məsələsi də gündəmdə olub və Yunanıstanın mövqeyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan dialoq prosesinə söykənir.
“Bu çərçivədə Kipr məsələsini də müzakirə etdik. Yunanıstanın mövqeyi, bildiyiniz kimi, hamıya məlumdur və olduqca aydındır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan dialoq prosesinin başlanması üçün bir fürsət pəncərəsinin açılmasına şərait yaranır. Buradakı həll mexanizmləri isə qəti şəkildə BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində olacaq”, – deyə Mitsotakis bildirib.