Myanma ASEAN-ın ölkəyə tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib

Myanmanın hərbçilər tərəfindən dəstəklənən hökuməti Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) ölkənin təşkilatın sammitlərində tamhüquqlu təmsilçiliyini məhdudlaşdıran qərarını ədalətsiz və qeyri-obyektiv adlandırıb.

APA xəbər verir ki, bu barədə Myanmanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ASEAN-ın Manilada keçirilən 49-cu sammitində qəbul olunan qərarda Myanma hökumətinin atdığı müsbət addımlar kifayət qədər nəzərə alınmayıb.

Nazirlik ölkənin təşkilatın sammitlərində tamhüquqlu iştirakına qoyulan məhdudiyyətləri ayrı-seçkilik kimi qiymətləndirib.

ASEAN liderləri isə Myanmanın 2021-ci il hərbi çevrilişindən sonra yaranmış böhranın həllinə dair beş bəndlik razılaşmanın icrasında irəliləyiş əldə edəcəyi təqdirdə ölkənin siyasi təmsilçiliyinin mərhələli şəkildə bərpa oluna biləcəyini bildiriblər.

Qeyd edək ki, Myanma Prezidenti Min Aun Hlainq noyabrın 18-də ölkəsinin ASEAN-la münasibətlərinə yenidən baxdığını, lakin təşkilata üzv dövlətlərlə dialoqu davam etdirəcəyini açıqlayıb.