"İran ətrafında xaos Azərbaycan və Türkiyə üçün ciddi təhlükə yaradır"
Son günlər İranda baş verən hadisələr regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirib. İsrail və ABŞ ilə qarşılıqlı hərbi zərbələr, sərt siyasi bəyanatlar və tərəflərin geri addım atmaması Yaxın Şərqdə yeni və daha genişmiqyaslı qarşıdurma mərhələsinin başlaya biləcəyi ehtimalını artırır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev "Sherg.az"a bildirib ki, İran–ABŞ müharibəsi fonunda bölgədə vəziyyət saatbasaat gərginləşir:
"Proseslərin diplomatik müstəviyə geri dönmə ehtimalı təəssüf ki, hələlik görünmür. Əksinə, hərbi əməliyyatların həm coğrafi miqyas, həm də intensivlik baxımından genişlənmə perspektivi daha real təsir bağışlayır.
Artan hərbi eskalasiya regionda daha geniş ərazilərə yayılmaq təhlükəsi yaradır. Yaxın günlərdə Körfəz ölkələrinin də prosesə qoşularaq İrana qarşı zərbələr endirməsi ehtimalı gərginliyin daha da yüksəlməsi riskini artırır.
Təəssüf ki, qarşı-qarşıya dayanan tərəflərin baxışları və siyasi platformaları arasında hər hansı yaxınlaşma müşahidə olunmur. Diplomatik müstəvidə səylərin yenidən bərpası perspektivi də hələlik görünmür. Bu reallıq onu göstərir ki, qarşıdakı mərhələdə hərbi əməliyyatların daha da genişlənməsi və gərginliyin artması ehtimalı daha realdır.
Azərbaycan və Türkiyə İranla bağlı proseslərdə, eyni dərəcədə narahatlıq keçirir. Həm Azərbaycan, həm də Türkiyə coğrafi baxımdan İrana çox yaxındır və tarixi, dini, humanitar və demoqrafik tellərlə bağlıdır.
Xüsusilə demoqrafik amil ciddi risk yaradır. İranda mümkün genişmiqyaslı xaotik proseslər hər iki ölkəyə birbaşa təsir göstərə bilər. Böyük qaçqın axınının yaranması ehtimalı həm Türkiyəni, həm də Azərbaycanı ciddi şəkildə narahat edir. Mümkün humanitar böhranın təsirləri bu iki ölkədə digərləri ilə müqayisədə daha ağır hiss oluna bilər".