İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında İrandakı son hadisələr və iki ölkənin gələcək münasibətləri barədə mühüm açıqlamalar verib.
Teleqraf "The Times of Israel"ə istinadən xəbər verir ki, hökumət başçısı Tehrandakı mövcud rejim devrildikdən sonra İsrail və İranın yenidən tərəfdaş olacağını bəyan edib.
Netanyahu İran xalqına dəstək mesajı ünvanlayıb:
"Biz İranın qəhrəman və cəsur vətəndaşlarına güc və dözüm arzulayırıq. Rejim çökən kimi hər iki xalqın rifahı üçün birlikdə böyük işlər görəcəyik".
İranda etirazların genişlənməsi və ölüm sayının artması fonunda danışan Netanyahu əlavə edib:
"Hamımız ümid edirik ki, fars xalqı tezliklə diktaturanın boyunduruğundan azad olacaq. Həmin gün gələndə İsrail və İran firavanlıq və sülh naminə gələcəyi qurmaq üçün yenidən sadiq tərəfdaşlara çevriləcəklər".
Qeyd edək ki, bu gün İran parlamentinin sədri xəbərdarlıq edib ki, əgər ABŞ İrana hərbi müdaxilə edərsə, rəsmi Tehran İsrail və ABŞ hədəflərini vuracaq.