2027-ci ildə qlobal ərzaq böhranı başlaya bilər - TƏHLİL

  • İqtisadçı vurğulayıb ki, söhbət dünyanın sonundan getmir
  •  Bununla belə, resurslardan qənaətlə istifadə etmək və fərdi maliyyə təhlükəsizliyini təmin etmək vacibdir

Dünyamız hansı fəlakətlə üz-üzədir? ABŞ, Britaniya və Yaponiya əhalini niyə ehtiyat görməyə çağırır?

ABŞ, Böyük Britaniya və Yaponiya kimi böyük dövlətlərin vətəndaşlara fövqəladə vəziyyətlərə hazır olmağı, evdə ərzaq, su, dərman və nağd pul ehtiyatı saxlamağı tövsiyə etməsi bir sıra suallar doğurur. Son illərdə 2027-ci ildə ərzaq və su qıtlığının yaşana biləcəyi ilə bağlı proqnozlar da səsləndirilir. Bəs bu xəbərdarlıqların arxasında hansı səbəblər dayanır? Həqiqətənmi dünyanı və insanları böyük fəlakət gözləyir?

50 milyon insan aclıq təhlükəsi ilə üz-üzə

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, JPMorgan və S&P Global kimi iri maliyyə qurumlarının hesabatlarına əsasən, Yaxın Şərqdəki münaqişələr nəticəsində Hörmüz boğazı və digər mühüm dəniz yollarında daşımaların məhdudlaşması qlobal azot və kalium gübrələrinin, eləcə də dizel yanacağının tədarükünə ciddi təsir göstərib. Onun sözlərinə görə, gübrələrin qiymətinin kəskin artması və tədarükündə yaranan çətinliklər 2026-cı ildə əkilən sahələrin məhsuldarlığını azalda bilər. Kənd təsərrüfatında yaranan bu gecikmənin əsas taxıl və paxlalı bitkilərin qiymətlərinin məhz 2027-ci ilin birinci yarısında qlobal miqyasda 5-12 faiz artmasına və ciddi ərzaq qıtlığına səbəb olacağı gözlənilir:

- BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, 2026-cı ilin sonlarında pik həddə çatacağı gözlənilən güclü El-Nino iqlim hadisəsi Avstraliya, Cənubi Asiya və Afrikada quraqlıqlara, Braziliyada isə daşqınlara səbəb ola bilər. Bu, 2027-ci ilin məhsul yığımını birbaşa təhlükə altına salır və dünyada əlavə 45-49 milyon insanı kəskin aclıq riski ilə üz-üzə qoya bilər. Ukrayna və Rusiya arasındakı gərginliyin taxıl dəhlizlərinə təsiri, eləcə də Yaxın Şərqdəki genişmiqyaslı münaqişələr qlobal logistika xərclərini artırır. Xammal və neft qiymətlərindəki dalğalanmalar isə inflyasiyanı gücləndirir.

Nağd pul ehtiyatı niyə tövsiyə olunur?

R.Qarayev nağd pul saxlamaq və əsas tələbat məhsullarından ehtiyat toplamaq tövsiyələrinin aktuallaşmasının səbəblərini də izah edib:

- Burada əsas risklərdən biri kiberhücumlar və bank sistemlərinin fəaliyyətində yarana biləcək fasilələrdir. Müharibələrin kiber məkana da daşınması gələcəkdə qlobal bankçılıq və rəqəmsal ödəniş sistemlərinin, məsələn, SWIFT və ya yerli kart sistemlərinin müvəqqəti fəaliyyətini dayandıra biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Belə vəziyyətlərdə insanların əlində müəyyən miqdarda nağd pulun olması tövsiyə edilir.

Maliyyə bazarlarında da qeyri-müəyyənlik mövcuddur. Mərkəzi bankların yüksək inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini artırması iqtisadi artımı zəiflədə və tənəzzül riskini yüksəldə bilər. İnsanlar iş yerlərini itirmək və ya aktivlərinin dəyərdən düşməsi ehtimalını nəzərə alaraq daha likvid, yəni asanlıqla istifadə edilə bilən vəsaitlərə üstünlük verirlər.

Nağd pul və ya qızıl saxlamaq tövsiyəsinin arxasında iki əsas amil dayanır: rəqəmsal pul sistemlərinə keçid və bank-borc böhranı riski. Dünyanın bir sıra mərkəzi bankları rəqəmsal valyutaların tətbiqi istiqamətində hazırlıq görür. Analitiklərin fikrincə, tam rəqəmsal sistemə keçid insanların öz vəsaitləri üzərindəki nəzarətini azalda, kiberhücumlar zamanı isə sistemlərin fəaliyyətində fasilələr yarada bilər.

2030-cu ilə doğru ABŞ başda olmaqla bir sıra böyük dövlətlərin artan xarici borcları fonunda qlobal maliyyə böhranı və ya “Böyük Depressiya” ssenariləri də müzakirə olunur. Belə böhranlar zamanı bankların fəaliyyətini müvəqqəti dayandırması ehtimalına görə nağd vəsait əlavə təhlükəsizlik vasitəsi hesab edilir.

Enerji və təbii resurslar tükənir?

R.Qarayev qeyd edib ki, 2030-cu il BMT, Dünya İqtisadi Forumu və digər beynəlxalq qurumların “Yaşıl enerjiyə keçid” və “Dayanıqlı inkişaf” hədəfləri baxımından mühüm mərhələdir. Onun fikrincə, bu keçid dövründə neft-qaz kimi ənənəvi enerji mənbələrindən alternativ enerjiyə, eləcə də rəqəmsal iqtisadiyyata – süni intellekt və rəqəmsal valyutalara keçid prosesi ciddi çətinliklərlə müşayiət olunur. Belə dövrlər qlobal güc mərkəzlərinin dəyişdiyi və iqtisadi sistemlərin yenidən qurulduğu keçid böhranları kimi qiymətləndirilir:

- 2027-2030-cu illərlə bağlı yayılan bu cür qorxulu bəyanatlar və hazırlıq çağırışları həm rəsmi iqtisadi-ekoloji hesabatların, həm də internetdəki konspirasiya nəzəriyyələrinin, o cümlədən Dünya İqtisadi Forumunun “Böyük Sıfırlama” proqramı kimi qlobal layihələrin təsiri ilə formalaşır. Heç bir ciddi beynəlxalq qurum apokalipsis və ya dünyanın sonunu proqnozlaşdırmır. Lakin qarşıdakı illərdə qlobal sistemin ciddi sınaqlarla üzləşəcəyi reallıqdır.

Burada söhbət, əsasən, su, ərzaq və enerji qıtlığı risklərindən gedir. BMT-nin hesabatlarına görə, iqlim dəyişikliyi və əhali artımı səbəbindən 2030-cu ilədək dünyanın bir çox regionunda, xüsusilə Şimali Afrika və Mərkəzi Asiyada ciddi su qıtlığı yarana bilər. Quraqlıqlar, ekstremal hava hadisələri və kənd təsərrüfatı torpaqlarının deqradasiyası qlobal ərzaq təchizatında problemlərə və qiymət artımına səbəb ola bilər.

Yanacaq çatışmazlığı da potensial təhlükələr sırasındadır. Beynəlxalq Enerji Agentliyi və analitiklər yaxın illərdə, xüsusilə dizel və emal olunmuş neft məhsulları bazarında təklif məhdudiyyətlərinin davam edə biləcəyini qeyd edirlər. Ukrayna və Yaxın Şərqdəki münaqişələr, xüsusilə Hörmüz boğazı kimi strateji dəniz yollarında gəmiçiliklə bağlı risklər qlobal enerji və mal tədarükünü poza bilər. Bu isə inflyasiyanın yenidən yüksəlməsinə səbəb ola bilər.

Eyni zamanda, 2030-cu ilədək süni intellektin əmək bazarına ciddi təsir göstərəcəyi gözlənilir. Milyonlarla insanın işini itirməsi ehtimalı sosial narazılıqları artıra və cəmiyyətlərdə qütbləşməni dərinləşdirə bilər.

İqtisadçı vurğulayıb ki, söhbət dünyanın sonundan getmir. Bununla belə, resurslardan qənaətlə istifadə etmək və fərdi maliyyə təhlükəsizliyini təmin etmək vacibdir.