Nobel Sülh Mükafatı ilə bağlı məlumat sızmasının səbəbi bilindi

Venesuela müxalifət lideri Maria Corina Maçadoya Nobel Sülh Mükafatının verilməsi ilə bağlı öncədən məlumatların ictimaiyyətə sızmasının səbəbi müəyyən olunub.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, rəsmi açıqlamadan əvvəl Nobel İnstitutunun kompüter sistemlərinə haker hücumu olub.

Ötən ilin oktyabr ayında Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken Amerikanın onlayn mərc platforması "Polymarket"də Maçadonun qələbəsinə qoyulan mərclərin kəskin artması fonunda, Norveç Nobel Komitəsinin sülh mükafatı laureatı haqqında məlumatların dərc olunmazdan əvvəl sızdırılıb-sızdırılmadığını araşdıracağını açıqlamışdı.

Araşdırmalar zamanı müəyyən edilib ki, Nobel Təşkilatının kompüter sisteminə haker hücumu olub və məlumatlar kənara çıxarılıb.

Norveçin "Finansavisen" qəzetinin yazdığına görə, rəsmi mükafatlandırma mərasimindən əvvəl Maçado "Polymarket" istifadəçiləri arasında "aşkar autsayder" hesab olunurdu. Lakin cəmi bir neçə saat ərzində onun qalib gəlmək şansı 3,6%-dən 70%-ə yüksəlib.