Nobel Sülh Mükafatını qazandı, qaçarkən onurğasını sındırdı

Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifətinin lideri Maria Korina Maçadonun Venesuelanı gizlicə tərk edərkən həyata keçirdiyi riskli dəniz səfəri zamanı onurğa sümüyünü sındırdığı məlum olub.

Maçado daha əvvəl Osloda Nobel mükafatını almaq üçün yola çıxarkən həyatı ilə bağlı narahatlıq keçirdiyini bildirmişdi.

Sherg.az xəbər verir ki, Norveçin "Aftenposten" qəzeti yazıb ki, xəsarət yüksək dalğalar fonunda hərəkət edən kiçik balıqçı qayığı ilə edilən riskli dəniz səfəri zamanı baş verib. Qəzet Maçadonun Oslo Universitet Xəstəxanasında (Ulleval) həkimlər tərəfindən müayinə edildiyini də qeyd edib.

Cümə axşamı səhər tezdən Osloya çatan 58 yaşlı Maçado müxtəlif vaxtlarda həkimə görünmək istədiyini desə də, səhhəti ilə bağlı ətraflı məlumat paylaşmayıb. O, çərşənbə günü keçirilməsi planlaşdırılan Nobel Sülh Mükafatı mərasiminə gecikdiyi üçün qatıla bilməyib.

Yaşadığı sınığa baxmayaraq, Maçado otelə çatdıqdan sonra tərəfdarlarını salamlamaq üçün baryerləri aşaraq çölə çıxıb.

Maçado 2024-cü ilin iyulunda keçirilən Venesuela seçkilərində dövlət başçısı Nikolas Maduronun saxtakarlıq etdiyini iddia edir. Beynəlxalq ictimaiyyətin böyük hissəsi də bu iddianı dəstəkləyir. Seçkilərdə iştirakına qadağa qoyulan Maçado 2024-cü ilin avqustundan etibarən ölkə daxilində gizlənərək yaşayırdı.

Maduro isə televiziya proqramında Maçadonun xəsarətinə şübhə ilə yanaşaraq sərt ifadələr işlədib: “Onurğasının sındığını deyir. Sınıq olan onun beyni və ruhudur, çünki o, şeytandır. Venesueladan və sizdən nifrət edir”, - deyə bildirib.

Ölkədən çıxmaq üçün parik taxdı, qiyafəsini dəyişdi

Karakas hakimiyyəti Maçadonun ölkəni tərk edəcəyi təqdirdə qaçaq sayılacağını açıqlamışdı. Müxalif lider Venesuelanı necə tərk etməsi ilə bağlı çox az məlumat paylaşıb. Mətbuatda yer alan məlumatlara görə, Maçado parik taxaraq və qiyafəsini dəyişdirərək Karakasdan ölkənin şimal sahillərinə çatıb və 10 nəzarət məntəqəsindən diqqət çəkmədən keçib.

Maçadonun ölkədən çıxarılmasına kömək edən əməliyyatın “Golden Dynamite” adı ilə həyata keçirildiyi və kiçik bir balıqçı qayığı ilə reallaşdırıldığı iddia olunur.