Pakistan ABŞ-İran təmasları ilə bağlı qapalı danışıqlar apardıqlarını açıqlayıb

Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi ABŞ və İran arasında davam edən münaqişə ilə bağlı qapalı diplomatik təmasların aparıldığını bəyan edib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə TASS-a müsahibəsində danışıb.

"Pakistan diplomatiyaya inanır. Biz regionda sülhün bərqərar olmasında maraqlı olan bütün tərəfdaşlarla işləməyə çalışırıq. Buna görə də açıq əlaqə kanallarımız var. Bəzi məsələləri açıq müzakirə edirik, bəzilərini isə qapalı diplomatik kanallar vasitəsilə həll edirik. ABŞ və İran arasında danışıqlar aparır, tərəflər arasında əlaqə kanalı kimi çıxış edirik", - səfir bildirib.

Faysal Niyaz Tirmizi qeyd edib ki, iyunda tərəflər arasında imzalanmış İslamabad Anlaşma Memorandumu Pakistanın vasitəçilik rolunun effektivliyini təsdiqləyir.

Onun sözlərinə görə, regional münaqişələrin həlli prosesinə daha çox regional dövlətin cəlb olunması vacibdir: "Pakistan hər zaman münaqişələrin danışıqlar yolu ilə həllinin tərəfdarı olub".

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında atəşkəs və hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, ABŞ iyulun 8-nə keçən gecə Hörmüz boğazı ilə bağlı razılaşmanın pozulduğunu əsas gətirərək İrana zərbələri bərpa edib.