Rusiya ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış "Sülh Şurası"na üzvlüklə bağlı hələlik hər hansı qərar qəbul etməyib.
Bu barədə Teleqraf TASS-a istinadən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər verir.
D.Peskov qeyd edib ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi müdaxiləsi fonunda bu strukturun konseptual əhəmiyyəti əvvəlki aktuallığını itirib:
"Xeyr, belə bir qərar yoxdur. Hesab edirik ki, Yaxın Şərqdə müharibə getdiyi vaxtda "Sülh Şurası" ifadəsi münaqişədən əvvəlki dövrlə müqayisədə daha az əhəmiyyət kəsb edir. Yəqin ki, proseslərin necə yekunlaşacağını gözləmək lazımdır".
Xatırladaq ki, "Sülh Şurası" cari ilin yanvarın 22-də Davosda 19 ölkə tərəfindən imzalanmış nizamnamə əsasında rəsmən fəaliyyətə başlayıb. ABŞ-nin iştirakı ilə yaradılan bu təşkilat ilkin olaraq İsrail və HƏMAS arasındakı razılaşmalar çərçivəsində Qəzzanın idarə olunması üçün nəzərdə tutulub. Hazırda Vaşinqton bu strukturun digər regional münaqişələrin nizamlanmasında istifadə olunması ideyasını irəli sürür.