ABŞ Prezidenti Donald Trampın Almaniyadan qoşunların bir hissəsinin çıxarılması ilə bağlı mümkün qərarı barədə açıqlaması “Pentaqonda şok effekti yaradıb”.
Sherg.az xəbər verir ki, bu barədə Politico qəzetinə adı açıqlanmayan alman rəsmisi ABŞ liderinin Almaniyadakı hərbi kontingentin azaldılması ehtimalı ilə bağlı sözlərini şərh edərkən bildirib.
Trampın bu bəyanatları hərbi dairələrdə də çaşqınlıq yaradıb və hazırda onlar prezidentin açıqlamasının nə dərəcədə ciddi olduğunu müəyyənləşdirməyə çalışırlar. ABŞ-nin hərbi dairələrindən üç nümayəndə qəzetə bildirib ki, indi söhbət Almaniyadan yüzlərlə, hətta minlərlə amerikalı hərbçinin çıxarılmasına yönəlmiş “potensial yeni təşəbbüslərdən” gedir.
ABŞ Konqresinin müzakirələrdən xəbərdar olan əməkdaşı əlavə edib ki, Pentaqon “bunu gözləmirdi və Almaniyadakı hərbi kontingentin ixtisarı ilə bağlı heç bir plan hazırlamamışdı”. Bununla belə, o vurğulayıb: “Biz Trampı ciddi qəbul etməliyik, çünki o, prezidentliyinin ilk dövründə (2017–2021-ci illərdə) bu məsələdə həqiqətən qərarlı idi”. Söhbət ABŞ-nin 2020-ci ildə Almaniyadan 11,9 min hərbçini çıxarmasından gedir.
ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell isə bildirib ki, Pentaqon “bütün ssenarilər üzrə planlar hazırlayır”. O əlavə edib: “Ali baş komandanın seçəcəyi zaman və məkanda onun əmrlərini yerinə yetirməyə tam hazırıq”.