Putin sülh yox, Ukraynanı istəyir - WSJ

ABŞ Prezidenti Donald Trampın elçilərinin Moskvaya səfəri Rusiya lideri Vladimir Putinin Ukrayna ilə müharibənin dayandırılmasını nəzərdə tutan sülh planını növbəti dəfə rədd etməsi ilə nəticələnib. Buradan çıxan aydın nəticə budur: Putin sülh yox, Ukraynanı istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Kreml rəsmiləri Stiven Uitkoff və Cared Kuşner ilə beş saatlıq danışıqları “konstruktiv” adlandırıblar, amma bildiriblər ki, “müharibənin əsas səbəbləri” hələ aradan qaldırılmayıb, yəni Ukrayna hələ də Rusiya nəzarətindən azaddır.

Rusiya bütün Donbası ələ keçirmək və Ukraynanı gələcəkdə onu qoruyacaq müttəfiqlərini məhrum etmək istəyir. Nəşr qeyd edib ki, Putin məqsədinə çatmaq naminə dialoq görüntüsü yaratmaq da istəyir, Uitkoff ilə görüş ona bu görüntünü saxlamağa kömək edir, həm də Tramp ilə Avropa arasında fikir ayrılığı yaratmağa çalışır.

Mənbənin fikrincə, Moskva dünyanı müharibədə qələbəsinə inandırmağa da çalışır, amma hərbi ekspertlər hesab edirlər ki, Ukraynanın məğlubiyyəti qaçılmaz deyil.

“Ukrayna ordusunun komandirləri ilə birlikdə onların fəaliyyətini izləmiş biri kimi deyirəm: onların bu müharibəni asanlıqla uduzacaqlarına inanmıram”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan kontr-admiralı Mark Montqomeri vurğulayıb.

WSJ əlavə edir ki, Putin üstün olduğunu düşündüyü müddətcə ciddi danışıqlar aparmayacaq. ABŞ-nin siyasətində dönüşə ehtiyac var, məsələn, Rusiyanın dondurulmuş aktivlərinin mənimsənilməsi, Çinə də şamil olunan sanksiyaların sərtləşdirilməsi, Ukraynaya uzaqmənzilli raket və digər silahların tədarükü.