Qazaxıstanda Novruz bayramı

Novruz bayramı təkcə yazın gəlişi ərəfəsində küçə və evlərin bayram işığı ilə nurlandığı xüsusi ab-hava deyil, eyni zamanda birlik, tarixi yaddaş və Türk dünyasının gələcəyi barədə dərin düşüncələr üçün bir fürsətdir.

Mövzu ilə bağlı AZƏRTAC fəlsəfə elmləri doktoru, professor, Qazaxıstan Respublikasının Sosial Elmlər Akademiyasının akademiki Altay Tayjanovla söhbət edib. O, Novruzun əhəmiyyəti və müasir dünyada türk xalqlarının birləşməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Alimin qeyd etdiyi kimi, Novruz adi bayramdan qat-qat geniş məna daşıyır. Onun fikrincə, bu, əsrlərin dərinliklərinə gedib çıxan canlı bir fəlsəfədir və bu bayramda yenilənmə, razılıq, insanın təbiətlə, cəmiyyətlə harmoniyası ideyaları birləşir.

“Bu gün Novruz artıq bir xalqın və ya regionun sərvəti deyil, dünya mədəni irsinin bir hissəsinə çevrilib və burada ümumbəşəri dəyərlər — insanpərvərlik, təvazökarlıq, dostluq, səbir əks olunub. Məhz bu prinsiplər xalqlar arasında qarşılıqlı anlaşmanın və davamlı beynəlxalq əməkdaşlığın əsasını təşkil edir. Türk xalqları üçün Novruz həmişə onların tarixi və dünyagörüşü ilə üzvi surətdə bağlı ənənəvi bayram olub. Qədim inancların, ənənələrin, adətlərin və həyat tərzinin ümumiliyi vahid mədəni məkan formalaşdırıb və bu məkan bu gün də müxtəlif dialektlərdə danışan, lakin mənəvi yaxınlığını qoruyan xalqları birləşdirir”, – deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, qloballaşma bir tərəfdən qarşılıqlı əlaqələr üçün yeni imkanlar açır, digər tərəfdən isə mədəniyyətlərin, dillərin və adət-ənənələrin birləşməsinə şərait yaradır. Bu, xüsusilə kiçik xalqların özünəməxsusluğunun tədricən zəifləməsinə gətirib çıxara bilər. Belə bir şəraitdə türk xalqları yalnız öz sivilizasiyalarını dərk etməklə və daxili əlaqələri möhkəmləndirməklə öz kimliklərini qoruyub saxlaya bilərlər.

Tayjanov vurğulayıb ki, türklərin tarixi hələ də kifayət qədər dolğun öyrənilməyib və tədqiqatların əhəmiyyətli hissəsi Avropa alimlərinin əsərlərinə əsaslanır. XXI əsrdə türk tədqiqatçıları öz tarixlərini özləri yazmalı, keçmişə dair öz elmi baxışlarını formalaşdırmalıdırlar. Yalnız bu yolla tarixi inkişafın obyektiv mənzərəsini bərpa etmək və türk sivilizasiyasının dünya miqyasında rolunu həqiqətən dərk etmək mümkündür.

Kimlik məsələsinə toxunan akademik qeyd edib ki, azərbaycanlılar, qazaxlar, qırğızlar, özbəklər və tatarlar öz milli mənsubiyyətlərini aydın şəkildə dərk edirlər. Bununla yanaşı, o, müxtəlif tarixi dövrlərdə assimilyasiya proseslərinin bəzi türk qruplarının yox olmasına səbəb olduğunu xatırladıb. Nümunə kimi Altay və Kiprdə yaşamış qıpçaqları, eləcə də Hindistanda Babur dövlətinin irsini göstərib. Onun sözlərinə görə, bu proseslər baş verməsəydi, türk xalqlarının sayı daha çox ola bilərdi. Lakin tarixi həqiqət yox olmur, o qorunur və zaman keçdikcə yenidən kollektiv şüurun bir hissəsinə çevrilir.

Tayjanovun fikirlərində Novruz xüsusi yer tutur və o, bu bayramı birlik rəmzi kimi qiymətləndirir. Bayramın adı belə xalqları birləşdirir: “Məsələn, qazaxlar, azərbaycanlılar və digər türk xalqları tərəfindən işlədilən ‘Ulıstın ulu günü’ (‘xalq üçün ən böyük gün’) ifadəsi dərin mədəni bağlılığın bariz sübutudur”.

Bayram ənənələrini müqayisə edən alim həm oxşarlıqları, həm də fərqləri qeyd edib. Onun sözlərinə görə, Qazaxıstanda bolluq və rifahı simvolizə edən yeddi inqrediyentdən hazırlanan naurız-koje bişirilir. Azərbaycanda isə bayram süfrəsi “S” hərfi ilə başlayan yeddi nemətlə, həmçinin paxlava və şəkərbura kimi ənənəvi şirniyyatlarla bəzədilir. Hər iki mədəniyyətdə yaşıllıq həyatın, yenilənmənin və gələcək məhsulun rəmzi kimi mühüm yer tutur.

Professor bildirib ki, Azərbaycanda Novruz daha çox ailə və estetik xarakter daşıyırsa, Qazaxıstanda konsertlər, oyunlar və idman yarışları ilə müşayiət olunan geniş xalq şənlikləri ilə qeyd olunur.

Ekspert bayramdan əvvəlki ənənələrə də ayrıca toxunub. Azərbaycanda bu, su, od, yel və torpaq çərşənbələri olmaqla dörd çərşənbədir və hər biri təbiətin ünsürlərindən birinin oyanışını simvolizə edir. Qazaxıstanda isə bayram 14 mart — görüş günü ilə başlayır və 22 mart — yaz gecə-gündüz bərabərliyi günü ilə başa çatır. Bu günlərin hər biri xeyriyyəçilik, ailə, mədəniyyət, milli geyim, idman, yenilənmə və birlik kimi dəyərlərə həsr olunur.

Sonda Tayjanov türk xalqlarının tarixinin öyrənilməsinə kompleks və obyektiv yanaşmanın vacibliyini vurğulayıb. Onun fikrincə, ümumi tarixi bazaya çıxışın açılması, ənənələrin, təsərrüfat həyatının və türk sivilizasiyasının nailiyyətlərinin fəal şəkildə araşdırılması mühüm əhəmiyyət daşıyır. Yalnız bu cür yanaşma ilə türklərin dünya tarixində yerini bütöv şəkildə müəyyən etmək mümkündür.

“Bu baxımdan Novruz sadəcə bahar bayramı deyil. Bu, ümumi irsə söykənərək türk xalqlarının birləşə, qarşılıqlı anlaşmanı gücləndirə və özünəməxsusluğunu qoruyaraq qlobal dünyada layiqli yer tuta biləcəyi gələcəyin rəmzidir”, – deyə akademik fikrini yekunlaşdırıb.

Müxbir – Tamilla Məmmədova