Qazaxıstanın Aqtöbe vilayətinin ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının düşməsi qeydə alınıb.
Sherg.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Hadisə 29 aprel 2026-cı ildə Ukrayna dron hücumuna məruz qalan Rusiyanın Orsk şəhərinə yaxın yerləşən Kargalı rayonunda baş verib.
“Kursiv” nəşrinin məlumatına görə, aparatın düşməsindən sonra təxminən 500 kvadratmetr sahəni əhatə edən quru ot yanğını başlayıb. Yanğın vilayətin Fövqəladə Hallar Departamentinin əməkdaşları tərəfindən operativ şəkildə söndürülüb.
Aqtöbe vilayətinin Polis Departamenti səlahiyyətli qurumlarla birlikdə uçuş aparatının qalıqları üzrə araşdırma aparır. Qurumdan bildirilib: “Obyekt yaşayış məntəqəsindən kənar ərazidə aşkar edilib. Hadisənin bütün halları araşdırılır.”