RIA Novosti: Zaporoje vilayətində Krıma aparan yola iki bomba atılıb

RIA Novostinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Zaporoje vilayətində Krıma aparan magistral yolun bir hissəsinə iki idarəolunan aviasiya bombası atıb.

Sherg.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Yevgeni Balitski məlumat verib.

Onun sözlərinə görə, zərbə Xarkov -Simferopol -Yalta avtomobil yolunun bir hissəsinə endirilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, lakin yolun asfalt örtüyünə ziyan dəyib. Hərəkət üçün təhlükə olmadığı bildirilir.

Balitski hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib və zədələnmiş hissənin qısa müddətdə bərpa olunacağını deyib.

Qeyd edək ki, Zaporoje vilayəti 2022-ci ilin sentyabrında keçirilən referendumdan sonra Rusiya tərəfindən ilhaq edilib. Ukrayna hakimiyyəti referendumun nəticələrini tanımır və bölgədə döyüşlər davam edir. Hazırda vilayətin bir hissəsi Rusiya, digər hissəsi isə Ukrayna qüvvələrinin nəzarətindədir.