Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir

Rumıniyada məhkəmə sistemində dərin və kəskin islahatların aparılması gözlənilir. Son günlər ölkənin müxtəlif şəhərlərində keçirilən kütləvi etiraz aksiyaları cəmiyyətdə hüquq-mühafizə və məhkəmə institutlarına inamın ciddi şəkildə zəiflədiyini ortaya qoyur və hakimiyyəti real dəyişikliklərə vadar edir.

AZƏRTAC xəbər verir ki, Buxarestdə hökumət binası qarşısında minlərlə insanın iştirakı ilə keçirilən aksiyalarda məhkəmə sistemində korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması və məsul vəzifəli şəxslərin istefası tələbi səsləndirilib. Etirazçılar bildiriblər ki, mövcud vəziyyət hüququn aliliyini sarsıdır və ədalət mühakiməsinin effektiv fəaliyyətini mümkünsüz edir.

Etiraz dalğası paytaxtla məhdudlaşmayaraq Kluj-Napoka, Braşov, Timişoara və Yaşi şəhərlərinə də yayılıb. Nümayişçilər hesab edirlər ki, məhkəmə sistemində bəzi yüksəkvəzifəli şəxslər toxunulmazlıq statusu qazanıb, iri korrupsiya işləri isə ya gecikdirilir, ya da müddətin başa çatması bəhanəsi ilə bağlanır. Bu isə cəmiyyətdə dərin narazılıq yaradır.

İctimai reaksiyanın güclənməsinə səbəb olan əsas amillərdən biri son günlər yayımlanan araşdırma xarakterli sənədli film olub. Filmdə bir sıra hakim və prokurorların məhkəmə sistemində qeyri-rəsmi təsir mexanizmlərinin mövcudluğunu etiraf etməsi geniş rezonans doğurub. Həmin açıqlamalar hüquqi institutların müstəqilliyi və obyektivliyi ilə bağlı sualları daha da aktuallaşdırıb.

Bununla yanaşı, ali məhkəmə instansiyalarının rəhbərliyi səsləndirilən ittihamları rədd edərək iddiaların reallığı tam əks etdirmədiyini bildirir. Eyni zamanda, məhkəmə sistemində müəyyən problemlərin mövcudluğu da etiraf olunub. Bu kontekstdə Ali Magistratura Şurası faktlarla bağlı yoxlamaların başlanıldığını açıqlayıb.

Rumıniya Prezidenti Nikuşor Dan yaxın günlərdə hakim və prokurorlarla görüş keçirməyi planlaşdırır. Gözlənilir ki, bu görüşdə məhkəmə sistemində struktur problemlər, institusional islahatlar və ictimai etimadın bərpası yolları müzakirə olunacaq.

Siyasi müşahidəçilərin fikrincə, ölkədə formalaşan ictimai təzyiq məhkəmə sistemində kosmetik deyil, fundamental dəyişikliklərin qaçılmaz olduğunu göstərir. Rumıniyada hüquqi islahatların yeni mərhələyə qədəm qoyması məhz bu etiraz dalğasının yaratdığı siyasi və ictimai fon üzərində mümkün görünür.