Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak 1 apreldən etibarən benzin ixracının qadağan edilməsi barədə göstəriş verib.
Sherg.az xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada Novakın neft sektorundakı vəziyyətlə bağlı məsul şəxslərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə yer verilib.
Görüşdə Orta Şərqdəki böhran səbəbilə neft və neft məhsullarının qiymətlərində ciddi dalğalanmaların müşahidə olunduğu qeyd edilib. Bununla yanaşı, Novak xarici bazarlarda Rusiya enerji resurslarına yüksək tələbin davam etməsini müsbət amil kimi dəyərləndirib.
O, həmçinin ölkə daxilində yanacaq təminatının sabit şəkildə davam etdiyini, kifayət qədər benzin və dizel ehtiyatlarının mövcud olduğunu və neft emalı müəssisələrinin yüksək güclə işlədiyini bildirib.
Novak daxili bazarın prioritet olduğunu vurğulayaraq 1 apreldən etibarən benzin ixracının qadağan olunması üçün Rusiya Energetika Nazirliyinə müvafiq qərar layihəsinin hazırlanması tapşırığını verib.
Rusiya daxili bazarda sabitliyi qorumaq məqsədilə vaxtaşırı müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edir. Dünyanın ən böyük neft məhsulları istehsalçılarından olan Rusiyanın ötən il təxminən 5 milyon ton benzin istehsal etdiyi bildirilir.