Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Polşanın Rusiyaya qarşı sərt çağırışlarına cavab verib.
Sherg.az xəbər verir ki, deputat Polşaya İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu tərəfindən azad edilmiş əraziləri Rusiyaya qaytarmağı təklif edib.
“Əgər onlar "moskalları" bu qədər sevmirlərsə, Ştetindən Dansiqə qədər olan əraziləri geri qaytara bilərlər. Qızıl Ordu həmin torpaqları onlar üçün böyük itkilər hesabına azad edib, onlar isə gözlərini belə qırpmadan həmin əraziləri götürüblər”, - Kolesnik bildirib.
O, Polşanın azad edilməsi zamanı təxminən 600 min Qızıl Ordu əsgərinin həlak olduğunu xatırladıb. Deputat Varşavanın Rusiya və ruslara qarşı bu cür sərt bəyanatlar səsləndirməsini qəribə hesab etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Polşa Prezidenti Karol Navrotski mitinqdə ölkəsinin “moskalların döyüldüyü” yerlərə, hətta münaqişədə iştirak etməsə belə, yardım etdiyini bildirib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Navrotskini rusofobiyada ittiham edib.