Rusiya iki taktikadan istifadə edir, qarşısını almaq çətindir

Cənub istiqamətində dörd istiqamət mövcuddur: Pridneprovsk (Xerson) istiqaməti və Zaporojye vilayətində yerləşən üç istiqamət – Orxiv, Qulyaypol və Aleksandrovsk istiqamətləri. Hazırda Zaporojye bölgəsində vəziyyət olduqca gərgindir, ən çətin durum isə Qulyaypol istiqamətində müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.

“Orada (Qulyaypol) hər gün təxminən otuzadək döyüş toqquşması baş verir, düşmən Qulyaypolu tam nəzarətə götürməyə, onu həm şimaldan, həm də cənubdan mühasirəyə almağa çalışır.

Ruslar həmin ərazidə irəliləməyə, ordumuzu geri sıxışdırmağa, mövcud dayaq mövqelərimizi nəzarət altına almağa və Ukrayna müdafiəsinin dərinliklərinə daxil olmağa cəhd göstərirlər. Bunun üçün onlar, birincisi, infiltrasiya taktikasından istifadə edirlər – diversiya qrupları gizli şəkildə mümkün qədər arxa cəbhəmizə sızmağa çalışır.

İkincisi, hücumlara kiçik piyada qrupları cəlb olunur – düşmən “dalğalarla” hücum edir ki, biz vaxtında ehtiyat qüvvələri cəbhəyə cəlb edə bilməyək. Çünki ardıcıl hücumlar şəraitində logistikanı qurmaq, rotasiya aparmaq və digər təşkilati tədbirləri həyata keçirmək kifayət qədər çətin olur”, - Voloşin söyləyib.