“Avropa İttifaqı (Aİ) liderləri bütün Avropanı Rusiya ilə müharibəyə cəlb etmək üçün 2030-cu ilə qədər Ukraynanı ittifaqa qəbul etmək istəyirlər”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Brüssel Rusiyaya qarşı müharibəyə hazırlaşır, artıq müharibənin başlayacağı tarix də müəyyən edilib: 2030-cu il. Brüsseldə başlanan silahlanma proqramının əsas məqsədi ittifaqı 2030-cu ilə qədər müharibəyə hazırlamaqdır. 2030-cu il həmçinin Ukraynanın Avropa İttifaqına sürətlə qoşulması üçün hədəf tarixidir.
Avropa İttifaqının yaradılması üzrə müqavilədə bildirilir ki, əgər üzv dövlətlərdən birinə silahlı hücum olarsa, digər üzv dövlətlər həmin dövləti bütün mövcud imkanları ilə dəstəkləməlidirlər. Beləliklə, müharibə vəziyyətində olan Ukraynanın qəbul edilməsi Avropa İttifaqını dərhal müharibəyə cəlb etmiş olacaq”, - baş nazir vurğulayıb.
Viktor Orban son günlərdə bir neçə dəfə iddia edib ki, Aİ 2030-cu ilə qədər Rusiyaya qarşı müharibəyə hazırlaşır. Macarıstan lideri ölkəsinin belə bir qarşıdurmada yer almayacağını söyləyib.
Xatırladaq ki, hazırda Avropa İttifaqında 27 dövlət təmsil olunur. Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bundan əvvəl Albaniya, Moldova, Ukrayna və Monteneqronun 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola biləcəyini açıqlamışdı.