Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

Avqustun 8-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və onun vilayətinə hava zərbələri endirir.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir. Hava zərbələri zamanı əsasən ballistik raketlərdən və zərbə dronlarından istifadə edilir.

Hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyətə keçib. Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar. Hazırda hava zərbələri davam edir.

Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Brovarı rayonuna endirilən dron zərbələri nəticəsində 3 nəfər həlak olub, onlardan biri uşaqdır. Daha 3 nəfər isə xəsarət alıb.