Rusiya MN: Ukrayna atəşkəs rejimini 1365 dəfə pozub, 390 dron vurulub

Ukrayna Silahlı Qüvvələri atəşkəsə baxmayaraq, sərhəd bölgəsində Rusiya ordusunun mövqelərinə və mülki obyektlərinə dron və artilleriyadan istifadə edərək zərbələr endirməyə davam edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfindən “xüsusi hərbi əməliyyat” zonasında 1365 atəşkəs pozuntusu qeydə alınıb.

Rusiya MN "xüsusi hərbi əməliyyat" zonasından kənarda Hava Hücumundan Müdafiə qüvvələrinin Ukraynanın 390 dron və altı “Neptun” raketini vurduğunu açıqlayıb.

"Bu şərtlər altında Rusiya Silahlı Qüvvələri atəşkəs pozuntularına eyni şəkildə cavab verib. Onların reaktiv yaylım atəşi qurğusu, artilleriya və minaatan atəş mövqelərinə, həmçinin komanda məntəqələrinə və PUA-ların buraxılış məntəqələrinə zərbələr endirilib", - deyə Rusiya Müdafiə Nazirliyindən bildirib.

Qeyd edək ki, Rusiya mayın 8-i saat 00:00-dan mayın 10-a qədər birtərəfli atəşkəs elan edib.