Rusiyadan gizli xəbərdarlıq aldıq – “Dayanın, əks halda...”

Suriya Prezidenti Əhməd əş-Şəraa “Al Jazeera”nin yeni sənədli filmində 2024-cü ilin son günlərində ölkədə baş verən həlledici hadisələr barədə açıqlamalar verib.

Onun sözlərinə görə, müxalifət qüvvələri noyabrın sonunda Hələbin qərb hissəsinə nəzarəti ələ keçirdikdən sonra Rusiyadan gözlənilməz mesaj daxil olub.

Mesajda bu ifadələr yer alıb: “Burada dayanın, ələ keçirdiklərinizi götürün, əks halda vəziyyət daha da gərginləşəcək.”

Modern.az-ın məlumatına görə, əş-Şəraa qeyd edib ki, həmin xəbərdarlıqdan sonra rejimin çökməsinin qarşısının alına bilməyəcəyini anladığını deyib.

Filmdə çıxış edən Suriya Xarici İşlər naziri Əsaad əş-Şeybani isə o dövrdə müxalifət nümayəndələri ilə Rusiya arasında bir sıra gizli danışıqlar aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, tərəflər həm öz maraqlarını müzakirə edib, həm də gələcəkdə Suriya-Rusiya münasibətlərinin hansı formada qurula biləcəyini dəyərləndiriblər.

7 dekabr 2024-cü ildə Homs şəhərinin tam nəzarətə götürülməsindən sonra müxalifətin Dəməşq istiqamətində irimiqyaslı hücumu başlayıb. Əş-Şəraa bildirib ki, paytaxta yürüş əmri gecə saat 01:30-da verilib və qüvvələr 8 dekabr səhəri artıq şəhərə daxil olub.

Keçmiş prezident Bəşər Əsəd həmin günlərdə ölkəni tərk edərək Rusiyaya sığınmışdı.