Rusiyanın irəli sürdüyü şərtlər maksimaldır -RƏY

Ukrayna xalqı isə müharibədən, itkilərdən yorulsa da, ədalətli sülh istəyir


ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparacağını açıqlayıb. Tramp deyib ki, Ankoricdə keçirilən son sammit Vaşinqtonun gözlədiyi nəticəni verməsə, ABŞ Rusiya və Ukrayna ilə bağlı mövqeyini dəyişəcək: "Bir neçə həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada həqiqətən çox yaxşı görüş keçirdim. Bunun nəyəsə gətirib çıxaracağını görəcəyik. Əks halda, biz fərqli mövqe tutacağıq". O, hansı dəyişikliklərin olacağını açıqlamayıb. “Tayms" nəşri məlumat yayıb ki, Trampın Ukrayna müharibəsi ilə bağlı sülh prosesini irəlilətmək cəhdi nəticə verməyib. Məlumata görə, Tramp iki həftə ərzində Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş təşkil etməyi planlaşdırsa da, bu müddət bitib, danışıqlar isə baş tutmayıb. Bildirilib ki, Tramp Putinə münaqişəni izah edərkən vəziyyəti "iki uşağın həyətdə dalaşması"na bənzədib: "Onlar döyüşməyə davam edəcəklər, ta ki, yorulub dayanmağa məcbur olana qədər". Tramp əlavə edib ki, hər iki tərəf əzab çəkməyə davam edə bilər və yalnız bundan sonra onları ayırmaq mümkün olacaq. Avropada da Ukrayna-Rusiya müharibəsinin gələcək ssenariləri ilə bağlı müxtəlif təkliflər gündəmə gəlməkdədir. "Politico" nəşrinin məlumatına görə, Avropa tərəfi cəbhə xəttində 40 kilometrlik bufer zona yaratmaq imkanını nəzərdən keçirir. Bu, atəşkəs və ya müharibədən sonrakı sülh mexanizmlərinin bir hissəsi kimi təqdim olunur. Lakin plan həm Ukrayna üçün ərazi güzəştləri riski, həm də Rusiya üçün faktiki qazanclar anlamına gəlir. Təklif zahirdə sülh təşəbbüsü kimi görünsə də, əslində, Ukraynanın suverenliyi üçün ciddi təhlükə deməkdir. Bufer zonanın yaradılması Ukraynanın təhlükəsizlik zəmanəti sayıla bilər, amma işğal olunmuş ərazilərin legitimləşdirilməsi mənasına da gəlir. Kiyev üçün bu, çox ağır seçimdir. NATO qoşunlarının, xüsusilə Fransa və Böyük Britaniya qüvvələrinin bu plana qoşulması münaqişəni daha da dərinləşdirə bilər. Belə bir addım müharibəni regional çərçivədən çıxarıb qlobal qarşıdurmaya çevirə bilər. Rusiya bunu qırmızı xətt kimi qəbul edəcək. Bu arada Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. Bəzi şərhçilərə görə, enerji və maliyyə sektoruna yönələcək məhdudiyyətlər Moskvanın imkanlarını daraltsa da, Avropa iqtisadiyyatına da zərbə vura bilər. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada hamı üçün məqbul olan həll yolu ilə razılaşma olarsa, münaqişənin bitəcəyini deyib. 

Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, ABŞ öncəki siyasət kursundan tamamilə fərqli siyasət yürüdür. Onun sözlərinə görə, Tramp administrasiyası bütün proseslərdə daha çox Amerikanın maraqlarını önə çəkən xarici siyasət kursu izləyir:
 "Bu, özünü Ukrayna-Rusiya müharibəsinə yanaşmada da göstərir. Bayden administrasiyası Ukrayna hökumətinə siyasi-hərbi və maliyyə dəstəyini qarşılıqsız verirdi, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edirdi. Ancaq Tramp administrasiyası ilə Kreml arasında birbaşa dialoq var. ABŞ heç də birmənalı "Ukraynanın tərəfindədir" deyə bilmərik. Düzdür, ABŞ-nin satdığı silahlar dolayısı ilə Ukraynaya daşınır. Amma bu, Kiyevə dəstək kimi xarakterizə olunmur. Alyaskada Putin-Tramp arasında görüşün olması və detalların gizli saxlanması göstərir ki, hələ ki, konsensus, hansısa razılaşma əldə olunmayıb. Lakin görünən odur ki, həm Tramp, həm də Putin alternativ yollar barədə düşünürlər. Bu məqam Avropanı ciddi narahat etməkdədir. Çünki Avropada düşünürlər ki, istənilən halda Ukraynaya hərbi-siyasi və maliyyə dəstəyi davam etdirilməli, Moskvaya qarşı sanksiyalar dərinləşməlidir". 

Ə.Şahidov deyib ki, Avropada hesab edirlər ki, Rusiyaya iqtisadi-ticari sanksiyalarla yanaşı, Moskvaya yardım edən ikinci, üçüncü ölkələrə də sanksiyalar tətbiq edilməlidir: 
"Hazırda Rusiya-Ukrayna müharibəsi, yəni atəşkəs, sülh və s. məsələlərlə bağlı müxtəlif təkliflər gündəmdədir. Rusiyanın irəli sürdüyü şərtlər çox maksimalistdir. Rusiya işğal etdiyi ərazilərin legitimliyini, yəni "Rusiya ərazisi" kimi tanınmasını tələb edir. Ukraynanın heç bir halda NATO-ya üzv olmaması tələbini irəli sürür. Ümumən, Ukraynanın tamamilə silahsızlaşdırılması mövzusu müzakirə olunur. "Mədəni şərtlər" adı altında rus dilinin Ukraynada ikinci dövlət dili elan olunması istənilir. Əslində, bütün bu şərtlər Rusiyanın Ukrayna ilə müharibəni başlatmaq üçün ortaya atdığı bəhanələrdir. İndi də sülh sazişinin imzalanması üçün həmin şərtlər irəli sürülür. Təbii ki, Ukrayna ortada olan şərtlərin heç birini qəbul etmir, bunları öz suverenliyinə, təhlükəsizliyinə təhdid kimi dəyərləndirir. Prezident V.Zelenski heç bir halda alçaldıcı sülhə getməyəcəyini, ərazilərini Rusiyaya hədiyyə etməyəcəyini vurğulayır. Ukrayna xalqı illərlə davam edən müharibədən, itkilərdən yorulsa da, ədalətli sülh istəyir. Ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, rus qoşunlarının ölkədən çıxarılmasıdır. Belə halda hansısa kompromisə gəlmək çox çətindir. Tramp çox çalışdı ki, Alyaska görüşündən sonra Zelenski və Putinin də iştirakı ilə üçlü görüş təşkil etsin. Lakin Rusiya indiki mərhələdə bunun müzakirə mövzusu olmadığını söylədi".