Avropa İttifaqı (Aİ) məhkəmə sistemindəki siyasətinə görə Serbiyanın maliyyələşdirilməsini dayandırıb.
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
"Hazırda biz inkişaf planı üzrə Serbiyaya bütün ödənişləri dayandırmışıq, çünki məhkəmə sistemində yenidən geriləmə müşahidə olunur. Bu problem düzəlməyincə, ölkə Aİ-nin maliyyə dəstəyini ala bilməyəcək", - deyə komissar bəyan edib.
Qeyd edək ki, aprelin 10-da "Politico" nəşri Aİ-nin Serbiyadakı demokratik islahatlarda sistemli geriləmə və Rusiya ilə sıx əməkdaşlıq səbəbindən bu ölkəyə 1.5 milyard avroya qədər maliyyə yardımının dayandırılması imkanlarını nəzərdən keçirdiyi barədə məlumat yaymışdı.