ABŞ Prezidenti Donald Tramp İranda rejimə qarşı etiraz aksiyalarını davam etdirən vətəndaşlara kömək etmək niyyətində ciddidir.
Teleqraf xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Nəşr mənbələrə istinadla yazıb ki, Donald Tramp iranlı etirazçılara yardım göstərmək qərarı verib, gərginliyin artdığı vaxtda hərbi, kiber və kommunikasiya dəstəyi variantlarını nəzərdən keçirir:
“Tramp İranda etirazlarını davam etdirənlərə kömək qərarı verib. Hələlik onun qərar vermədiyi məsələ “necə” və “nə vaxt”dır.
“Mümkün variantlar spektrinə hərbi seçimlər, konkret olaraq rejimin hədəflərinə zərbələr endirilməsi, rejimə qarşı kiberdəstək və etirazçılara yardım məqsədilə “Starlink” sistemlərinin təmin edilməsi daxildir. Tramp administrasiyası İran rejiminin dağılmaq üzrə olduğunu düşünməsə də, bir həftə əvvəl mövcud olmayan ciddi problemlər və çatları artıq açıq şəkildə görür”.
KİV-in məlumatına görə, son günlərdə ABŞ Prezidentinə İrana mümkün hərbi zərbələrlə bağlı variantlar təqdim olunub. Donald Trampın özü də bundan əvvəl bəyan etmişdi ki, İran hakimiyyəti etirazların zorakılıq yolu ilə yatırılmasını davam etdirərsə, Birləşmiş Ştatlar buna ağır nəticələri olacaq zərbələrlə cavab verəcək.