Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrə daxil olmuş bildirişdə qeyd olunur.

Söhbət 2022-ci ilin fevralında ABŞ-nin 46-cı prezidenti Co Bayden administrasiyası, 2018-ci ilin sentyabrında Tramp administrasiyası (onun ilk prezidentlik dövründə), eləcə də 2014-cü ilin mart və dekabr aylarında ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyası tərəfindən Krımla bağlı tətbiq edilən məhdudiyyətlərdən gedir.

Sənəddə vurğulanır ki, Tramp bu tədbirlərin 6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalı olduğunu hesab edir.