Trampın Quantanamo qərarı rədd edildi

ABŞ-də Federal Bölge Məhkəməsinin hakimi, Tramp administrasiyasının qanunsuz miqrantların Quantanamo Hərbi Bazasına göndərilməsinə qarşı açılan iddianın dayandırılması ilə bağlı müraciətini rədd edib. Sherg.az xəbər verir ki, hakim Sparkle L. Sooknanan hökumətin arqumentlərini əsassız sayaraq prosesin davamına qərar verib və gələn həftə yeni dinləmə təyin edib.

Amerikanın Mülki Azadlıqlar İttifaqının (ACLU) vəkilləri Trampın bu siyasətinin qanunsuz olduğunu bildirərək administrasiyanı geri addım atmağa çağırıblar. Tramp isə yanvar ayında qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində on minlərlə “cinayətkar” miqrantın müvəqqəti olaraq Quantanamo düşərgəsində saxlanılacağını açıqlamışdı. Administrasiya məhkəmələrin bu məqsədlə geniş səlahiyyətə sahib olduğunu iddia edir.