Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanı Rusiya və ABŞ arasında Ankoricdə əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb.
Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində irəliləyiş əldə olunması üçün tərəflərin qarşılıqlı addımlar atması vacibdir.
Fidan bildirib ki, iyun ayında Rusiyaya səfəri çərçivəsində Sergey Lavrov, təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələri ilə görüşüb, həmçinin Vladimir Putin ilə danışıqlar aparıb.
Onun sözlərinə görə, Putin Rusiya ilə ABŞ liderləri arasında Alyaskada keçirilmiş görüş zamanı əldə olunan razılaşmalara sadiq qaldığını təsdiqləyib. Lakin Fidan vurğulayıb ki, sülhə nail olmaq üçün yalnız bir tərəfin öhdəlik götürməsi kifayət deyil.
“Rusiya tərəfi əldə olunmuş razılaşmalara əməl edir. Amma tanqo iki nəfərlə oynanılır”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.
Fidan əlavə edib ki, sülh sazişinə doğru real irəliləyiş yalnız Ukraynanın da həmin razılaşmaları dəstəkləməyə hazır olması halında mümkün ola bilər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ankoricdə Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını, lakin hər hansı sənədin imzalanmadığını bildirmişdi.