Rusiya Ukrayna arasında 2022-ci il fevralın 28-də başlayan müharibə 4 ildir ki, tərəfləri çıxılmaz vəziyyətə gətirib. Hazırda, Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı, Xerson, Xarkov kimi bir sıra şəhərlərinə zərbələr endirməklə üstün mövqe sərgiləyir. Digər tərəfdən isə Yaxın Şərqdə alovlanan müharibə Ukrayna-Rusiya münaqişəsini kölgədə qoyub. Artıq Ukrayna prezidenti Volodimir Zelenski, “güvənli liman” axtarmağa başlayıb. ABŞ-nin Kiyevdən üz döndərməsi Ukrayna liderini qorxuya salıb. V.Zelenski Rusiyanın atəşlərinə qarşılıq vermək üçün ABŞ silahlarına ehtiyac olduğunu bildirib. Vasitəçi ölkələr arasında fəallığını qoruyanlardan biri də Türkiyədir. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mütamadi olaraq iki ölkənin liderləri ilə diplomatik təmasdadır. Aprelin 3-də Rusiyalı həmkarı ilə telefon danışığı aparan Ərdoğan, növbəti gün Ukrayna liderini İstanbulda qəbul edib. Görüşdə Türkiyə lideri, Ukrayna ilə Rusiya arasında danışıqları daima dəstəkləyəcəyini bildirib. Gün keçdikcə səngimək əvəzinə daha şiddətli xarakter alan Rusiya-Ukrayna müharibəsinin taleyi qeyri-müəyyən olaraq qalır.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Ərdoğan və Zelenski arasında İstanbulda baş tutan görüş, özündə həm regionlararası, həm də qlobal geosiyasi dinamikalar baxımından əhəmiyyətli siqnallar daşıyır:

“Türkiyə liderinin Ukrayna-Rusiya danışıqlarına dəstəyin davam etdiriləcəyini vurğulaması, Ankaranın vasitəçilik rolunu gücləndirdiyini göstərir. Bu proses diplomatik balansın qorunması və regional təhlükəsizlik perspektivlərinin təmin edilməsi baxımından vacibdir. Türkiyə bir tərəfdən NATO üzvü kimi Qərb bloku ilə siyasi və təhlükəsizlik sahəsində bağlılığını qoruyub saxlayır. Digər tərəfdən isə Rusiya ilə strateji dialoqu davam etdirərək hər iki tərəf arasında balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır”.
Politoloq, Zelenskinin narahat olduğu məqamlara toxunub:
“Zelenskinin narahatlığı isə həm Ukrayna-Rusiya münaqişəsinin davamlılığı, həm də ABŞ və İsrailin İranla bağlı əməliyyatlarının yaratdığı resurs və diqqət yayılması ilə bağlıdır. Bu proses Kiyevin əsas dəstəkçiləri olan Qərb ölkələrinin diqqətinin digər geosiyasi cəbhələrə yönəlməsinə səbəb olur. Rusiya ilə aktiv döyüş əməliyyatlarının davam etdiyi bir şəraitdə, Ukraynaya göstərilən maliyyə, hərbi və siyasi dəstəyin azalması onun müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək”.
R.Bayramov vurğulayıb ki, Yaxın Şərqdəki münaqişənin uzanması, Ukraynanın geosiyasi və iqtisadi vəziyyətinə bir neçə istiqamətdə təsir göstərəcək:
“Bu, ilk növbədə, enerji bazarlarındakı qeyri-sabitliklə bağlıdır. Hörmüz boğazının potensial bağlanması və tankerlərə yönəlik təhdidlər birbaşa qlobal enerji qiymətlərinə təsir edir. Bununla da Avropa ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün alternativ mənbələrə yönəlir. Bu proses Ukrayna üçün əlavə maliyyə və ticarət çətinlikləri yarada bilər. Çünki Avropanın diqqəti eyni vaxtda həm enerji təhlükəsizliyinə, həm də Ukraynanın dəstəklənməsinə yönəlməli olacaq".
Politoloqun fikrincə, ikinci məsələ qlobal geosiyasi balansın dəyişməsidir:
“Bu da birbaşa Kiyevin diplomatik mövqeyinə təsir göstərir. ABŞ və NATO resurslarının Yaxın Şərqdəki müharibəyə yönəlməsi, Ukraynanın dəstək paketlərinin vaxtında çatdırılmasına və hərbi koordinasiyanın effektivliyinə təsir göstərəcək. Belə bir şəraitdə Ukrayna, Rusiya ilə münaqişədə strateji üstünlüyünü itirə bilər. Digər vacib faktor isə iqtisadi və maliyyə sahəsində narahatlıqlarla bağlıdır. Avropada və Yaxın Şərqdəki qeyri-sabitlik qlobal bazarlarda dalğalanmanı yüksəldir. Bu da Ukraynanın ixrac və idxal imkanlarına təsir edə bilər”.
R.Bayramov qənaətinə görə Avropada və Yaxın Şərqdəki qeyri-sabitlik qlobal bazarlarda dalğalanmanı yüksəldir:
“Bu da Ukraynanın ixrac və idxal imkanlarına təsir edə bilər. Qida, enerji və xammal daşınması sahəsində yaranan logistika çətinlikləri, Ukrayna iqtisadiyyatının bərpası prosesini ləngidə bilər. Digər tərəfdən isə Yaxın Şərqdəki proseslər Rusiyanın enerji məhsullarına qlobal tələbatın artmasına səbəb olub. Rusiyanın gündən-günə daha çox maliyyə vəsaiti əldə etməsi də nəzərə alındıqda, Ukraynanın rəsmi dairələrinin narahatlıqları kifayət qədər başa düşüləndir”.
Politoloq qeyd edib ki, Ukrayna üçün strateji prioritet, Qərbin dəstəyinin davamlılığını təmin etmək və regional münaqişələrdən yaranan riskləri minimallaşdırmaq olacaq:
“Bu isə yalnız diplomatik manevrlər və həmrəylik mexanizmləri ilə mümkün görünür. Çünki qlobal münaqişələr şəbəkəsi artıq resurs paylaşımı kontekstində daha mürəkkəb hal alıb. Beləliklə, İstanbul görüşü tərəflərin münaqişənin diplomatik yolla həlli istiqamətində koordinasiyasını gücləndirsə də, Yaxın Şərqdəki hərbi qarşıdurmanın davam etməsi Ukraynanın geosiyasi və iqtisadi mövqeyinə əlavə təzyiq yaradır”.