Ukraynanın Baş naziri istefa verdiyini açıqladı - YENİLƏNİB

Ukraynanın Baş naziri Yuliya Sviridenko vəzifəsindən istefa verdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.

"Ukrayna hökumətinə rəhbərlik etmək mənim üçün böyük şərəf idi. Hökumət komandasında çalışan hər kəsə gördüyü işə görə təşəkkür edirəm", - o bildirib.

***

15:19

Ukraynada yenilənmiş siyasi strategiyanın icrasını təmin etmək məqsədilə Baş nazir Yuliya Sviridenko vəzifəsindən azad olunur, eyni zamanda ölkənin Nazirlər Kabinetində və hüquq-mühafizə orqanlarının rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, hökumətin yenilənməsi məsələsi Baş nazir Yuliya Sviridenko ilə birgə müzakirə olunub:

"Yenilənmiş siyasi strategiyanın reallaşdırılması üçün kadr dəyişikliklərinə başlayırıq. Dəyişikliklərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yenilənməsi labüddür. Mən Yuliya Sviridenkoya komandadakı effektiv və nəticəyönümlü fəaliyyətinə görə təşəkkür edirəm və ona ölkəmizin əsas tərəfdaşı ilə münasibətlərdə yeni, mühüm bir istiqamətə rəhbərlik etməyi təklif etdim".

Prezident V.Zelenski yaxın vaxtlarda Ali Rada (parlament) ilə birlikdə hökumətdə müvafiq təyinatların gerçəkləşəcəyini, eyni zamanda hüquq-mühafizə orqanlarının rəhbər heyətində də dəyişikliklərin ediləcəyini əlavə edib.