Vuçiç prezident postu ilə vidalaşmağa hazırlaşır: “Bunlar mənim son günlərimdir”

Aleksandar Vuçiç Serbiya paytaxtı Belqradda parlament binasının qarşısında tərəfdarları qarşısında çıxış edərkən prezident kimi fəaliyyətinin son günlərini yaşadığını bəyan edib.

Sherg.az-ın məlumatına görə, siyasətçi bildirib ki, son 14 il ərzində bütün fəaliyyəti Serbiya vətəndaşlarının rifahına xidmət edib. Müxalifətin onun heç vaxt hakimiyyətdən getməyəcəyi ilə bağlı iddialarına cavab verən Vuçiç belə deyib:

"Onlar yanılırlar. Bunlar mənim Serbiya Prezidenti vəzifəsindəki son günlərimdir. Mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Sizə düşündüyünüzdən də sədaqətlə xidmət etmişəm."

Vuçiçin bu açıqlaması ölkədə siyasi gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Xatırladaq ki, iyunun 10-da Serbiya lideri prezident vəzifəsindən istefa verərək baş nazir postuna namizədliyini irəli sürə biləcəyini açıqlamışdı. O, belə bir qərarın növbəti seçkiləri gözləmədən də qəbul edilə biləcəyini istisna etməmişdi.

Bundan əvvəl Serbiyanın sabiq baş nazir müavini Aleksandar Vulin də Vuçiçin yenidən prezidentliyə namizəd olmayacağını bildirmişdi.

Vuçiçin son bəyanatı onun ölkənin siyasi sistemində fərqli bir rol almağa hazırlaşdığı barədə ehtimalları daha da gücləndirib.