Yanukoviçin barəsində çıxarılan hökm qüvvəyə mindi

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin barəsində çıxarılmış 15 illik həbs cəzası hökmü apelyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğundan bildirilib.

Kiyev Apelyasiya Məhkəməsi Yanukoviçin vəkilinin şikayətini rədd edib və Podolsk Rayon Məhkəməsinin 28 aprel tarixli hökmünü qüvvədə saxlayıb.

Keçmiş prezident dövlət sərhədini qanunsuz keçməyin təşkilində və fərariliyə təhrik etməkdə günahkar bilinib. Prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Konstantin Kobzar da eyni iş üzrə qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib.

Müstəntiqlərin sözlərinə görə, 23 fevral 2014-cü ildə Yanukoviç qanunsuz olaraq Ukraynanı tərk edib və ən azı 20 nəfərlik digər yaxınlarının və hərbi qulluqçularının xaricə köçürülməsini təşkil edib. Müstəntiqlərin sözlərinə görə, onlar ölkəni Donetsk vilayətindəki Urzufdan Krasnodar vilayətindəki Yeysk şəhərinə üç Rusiya Silahlı Qüvvələrinin helikopteri ilə tərk ediblər.