Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik təmin edilərsə və qanunvericiliyə lazımi düzəlişlər qəbul olunarsa, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini dəstəkləməyə hazır olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, Zelenski bu barədə dekabrın 11-də jurnalistlərlə söhbəti zamanı bildirib.
O bəyan edib ki, ABŞ müvafiq mesaj göndərib və Ukrayna seçkilərin olmaması ilə bağlı zəif mövqe nümayiş etdirməməli, manipulyasiya üçün əsas yaratmamalıdır. "Buna görə də mən şübhəsiz ki, seçkilərin tərəfdarıyam. Ən əsası seçkilərin legitim keçirilməsidir", - deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, xarici tərəfdaşlar seçkilərin təhlükəsiz keçirilməsində Ukraynaya kömək edə bilər: "Mən parlament üzvlərindən hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı qanunvericiliyə düzəlişlər hazırlamağı xahiş etmişəm".
Zelenski əlavə edib ki, müharibəyə son qoymaq və Ukraynanın güclü mövqeyini saxlamaq prioritet olaraq qalır. Həmçinin vurğulayıb ki, seçki məsələsi birgə həll olunmalıdır. "İki vacib məsələ var: təhlükəsizlik və qanunvericilik. Mənim həm Ukraynanın tərəfdaşlarından, həm də Ukrayna parlamentindən xahişim budur ki, bu iki məsələnin necə həll oluna biləcəyini göstərsinlər", - deyə Zelenski vurğulayıb.