Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir

Prezident Volodimir Zelenski Ukraynanın Rusiya neft infrastrukturuna endirdiyi uğurlu zərbələr nəticəsində Moskvanın böyük itkilər verdiyini bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı son zərbə kampaniyaları zamanı Rusiyanın azı 7 milyard dollar həcmində zərərə məruz qaldığını deyib.

Prezidentin sözlərinə görə, aprel ayının yekunlarına əsasən Ukraynanın uzaqmənzilli hücumları üç istiqamət üzrə yeni səviyyəyə çatıb: Rusiya neft gəlirlərinin azaldılması, təsir məsafəsi və kampaniyaların intensivliyi.

“Ən minimal hesablamalara görə, təcavüzkar dövlət ilin əvvəlindən etibarən təkcə neft sənayesi və emalı müəssisələrinə dəqiq zərbələrimiz nəticəsində azı 7 milyard dollar itirib”, - Zelenski vurğulayıb.

Dövlət başçısı buna görə Ukrayna Müdafiə Qüvvələri, Milli Təhlükəsizlik Xidməti və kəşfiyyat orqanlarına təşəkkür edib.

“Uzaqmənzilli hücum kampaniyalarının istiqamətlərini genişləndirəcəyik. Qərarlar hazırlanır”, - o əlavə edib.