
Nəsiminin məzarının köçürülməsi həyati məsələ deyil -RƏY
O, yalnız Azərbaycan şairi deyil, İslam və ümumtürk dünyasının ortaq dəyəridir
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsi məsələsi gündəmdədir. Azərbaycan dövləti bu istiqamətdə maraqlıdır və artıq Suriya tərəfi ilə ilkin təmaslar qurulub. Məsələ barədə Suriyaya rəsmi məlumat da çatdırılıb. Hazırda Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərində yerləşir. Uzun illərdir müharibə şəraitində olan bu şəhərdə tarixi abidələrlə yanaşı, böyük şairin məzarı da dağıntılara məruz qalıb. Nəsiminin məzarının Azərbaycana gətirilməsi həm milli-mədəni irsin qorunması, həm də Azərbaycan ədəbiyyatının dünyada tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Lakin əks arqumentlər də var. Nəsimi yalnız Azərbaycan şairi deyil, həm də bütün İslam aləminin, ümumtürk dünyasının ortaq dəyəridir. Onun məzarının tarixi məkandan çıxarılması mədəni və dini baxımdan mübahisələr doğura bilər kimi yanaşma sərgiləyən ictimaiyyət nümayəndələrinin də sayı az deyil.
Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı açıqlamasında Nəsiminin məzarı üzərində bu cür müzakirələrin aparılmasını doğru hesab etmədiyini bildirib:
“Xüsusi bir hal yoxdursa, buna ehtiyac yoxdur. Nəsiminin məzarının gətirilməsi hansı formada həyata keçiriləcək bilmirəm. Hər halda rəsmi məqamlar ətrafında müzakirələr aparılmalıdır. Mən buna bir həyati məsələ kimi baxmıram. Əgər təhlükəsizliklə bağlı problem yoxdurda, heç bunu həyata keçirməyin adı yoxdur. Əgər məzarın dağılma təhlükəsi, hansısa təhlükə varsa, onda düşünülə bilər".
Fazil Mustafa sonda vurğulayıb ki, artıq klassiklərə həddən artıq pərəstişkarlıqdan uzaqlaşmaq və daha çox müasir dəyərləri yaradan insanların fəaliyyətini qabartmaq lazımdır: “Biz həddindən artıq klassiklərimizə, onların irsinə və abidələrinə çox vəsait xərcləyirik. Lakin yaşayanlara, bu gün ədəbiyyat və mədəniyyət yaradanlara eyni diqqəti yönəltmirik. Əslində, buna daha çox diqqət yetirmək lazımdır. Çünki müasir Azərbaycan üçün klassiklərin verdikləri artıq bitib. Onlar bizə daha nə verə bilərlər? Ən uzağı bir şeir nümunəsi və ya tarixi bir fakt olaraq qalacaqlar. Amma bu gün yaşayan, irsi itib-batmaq təhlükəsi ilə üzləşən şəxslərə dəstək vermək vacibdir. Hesab edirəm ki, bu mövzuda bir az klassiklərə pərəstişkarlıqdan uzaqlaşmaq lazımdır. Daha çox müasir dövrün dəyərlərini əks etdirən, bugünkü cəmiyyətin ehtiyaclarına cavab verə biləcək insanların fəaliyyətini önə çəkmək daha məqsədəuyğun olardı”. (Yeni müsavat)
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı alim Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, qəbrin açılması zərurət məqamında icazəlidir. Dini baxımdan burada bir problem yoxdur:

“Lakin tanınmış simaların, dahilərin qəbrinin xarici ölkələrdən ölkəmizə gətirilməsinə mən müsbət yanaşmıram. Çünki bu, tarixi təhrif etmək kimi bir şeydir. Onun orada dəfn olunması həmin ölkə ilə, həmin xalq ilə arada bağlar, mədəni əlaqələr, mənəvi tellər yaradır. Suriya müsəlman ölkəsidir, özü də indiki hakimiyyəti də həm Türkiyə ilə, həm də Azərbaycanla müsbət münasibətlərə malikdir.
İslama görə qəbri açmaq qadağandır. Lakin zəruri səbəblərə görə qəbri açmaq, köçürmək istisnadır. Məhkəmə - tibbi ekspertizası üçün, ekzhumasiya, təmir - tikinti ilə əlaqədar köçürmə, təhlükəli məkandan uzaqlaşdırmaq kimi hallarda məzarı açmaq olar. Nəsimi xalqımızın böyük şairidir. Taleyin hökmü ilə o, indiki Suriyada dəfn olunub. Əgər orada onun məzarı üçün real təhlükə varsa, gətirilməsinə əsas yaranır. Yox, əgər təhlükə yoxdursa, subyektiv fikrimə görə, gətirmək doğru olmaz. Çünki o məzar orada Azərbaycanı, Azərbaycan ədəbiyyatını tanıdır. Turistlər, ziyarətçilər gedir və onun sayəsində xalqımızı, dövlətimizi tanıyır. Habelə mədəniyyətimizin, ədəbiyyatımızın haralara gedib çxıdığının əyani sübutudur. Hazırda da Suriyaya normal hakimiyyət gəlib. Bir qədər də normallaşma yaranandan sonra vətəndaşlarımız gedib orada ziyarət edə bilər. Mən 2002-ci ildə Nəsimini ziyarət etmişəm, nəslinin nümayəndələri ilə görüşmüşəm. Dəfn olunduğu məhəllənin əsas küçəsi də Nəsiminin adı ilə adlanır. İndiki halında isə müharibədə türbəyə müəyyən zərər dəysə də, tam dağılmadığı əks olunur. Zənnimcə, qəbirüstü abidəsinin, tikilinin təmir edilməsində dövlətimiz təşəbbüs göstərə bilər. Yox, əgər bizim bilmədiyimiz, yalnız dövlətə məlum olan təhlükə ehtimalları varsa, təbii ki, məzarın gətirilməsi məsələsinə də baxıla bilər.
Ümumiyyətlə, tanınmış simalarımızın qəbirdən çıxarılıb gətirilməsinə müsbət yanaşmıram. Ona qalsa, Gürcüstanda, Avropada, başqa ölkələrdə dəfn olunmuş çoxsaylı dahilərimiz var, məgər onlar da gətirilməlidirmi? O dahilər sağlığında xalqımızı oralarda tanıtdıqları, təmsil etdikləri kimi indi də qəbirləri ilə tanıdırlar, təmsil edirlər. Onları bu təmsilçilikdən məhrum etmək olmaz. Qoy dünya görsün ki, Azərbaycan xalqının yetirdiyi dahilər haralarda yaşayıb - yaradıblar, hətta ömürlərini də o yerlərdə başa vurublar”.
T.İrfanın sözlərinə görə, Nəsimi təkcə Azərbaycanın şairi deyil, o, türkmən ədəbiyyatında da özünəməxsus yer tutur:
“Onlar da Nəsimini türkmən sayır. Demək olar ki, Türkiyədə də əsasən Ələvilər arasında böyük rəğbətə malikdir. Nəsiminin məzarının Hələbdə olması Azərbaycan-türk şairinin ərəb-İslam dünyası ilə mədəni, mənəvi bağlarını yaşadan dəyərlərdəndir. Füzuli İraqda dəfn edilib. İraq ilə bizi bu tellər bağlayır. Yoxsa hamısını yığıb gətirək ölkəyə, bu nə verəcək bizə? Füzulini İraqdan, Nəsimini Suriyadan, Rəsulzadəni Türkiyədən gətirək, nə dəyişəcək?”.