İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib.
Onun sözlərinə görə, parlamentin iclası virtual formatda keçiriləcək və müdafiə naziri vəzifəsinə təklif olunan Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətləri nəzərdən keçiriləcək.
Prezident Məsud Pezeşkian bu posta uzun müddətdir aerokosmik və raket sənayesində xidmət edən Mehrdad Əxlaqi Kitabçinin namizədliyini irəli sürüb.
O, 1958-ci il sentyarbın 10-da İranın Rəşt şəhərində anadan olub. Mehrdad Əxlaqi İran Müdafiə Nazirliyinin yüksək və nüfuzlu vəzifəlilərindəndir. O, İranın Aerokosmik Sənaye Təşkilatının və Müdafiə Sənayesi Təşkilatının baş direktoru vəzifəsini tutub. 2007-ci ildən İranın raket texnologiyalarının inkişafında iştirakına görə BMT sanksiyaları altında olub. Həmin dövrdə "Şəhid Baqeri" sənaye qrupunun rəhbəri olaraq fəaliyyət göstərirmiş. 2023-cü ilin oktyabrında müvafiq məhdudiyyətlərin müddəti bitdikdən sonra adı sanksiya siyahısından çıxarılsa da, 2025-ci ilin sentyabrında yenidən qaytarılıb.
BMT ilə yanaşı, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Kanada, İsveçrə və Yaponiya da ona qarşı sanksiya tətbiq edib.
2026-cı il fevralın 28-də ABŞ-nin hücumu nəticəsində ali rəhbər ayətullah Seyid Əli Xamenei ilə yanaşı, İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə (və ya Əmir Nəsirzadə) ölmüşdü.
Prezident Məsud Pezeşkian onun yerinə müvəqqəti olaraq briqada generalı Məcid ibn ər-Rzanı təyin etmişdi.