“Yazıçı nəylə dolansın, sistem kökündən dəyişməlidir" - Ziyalılardan sərt REAKSİYA

Çingiz Abdullayev haqlıdır, Azərbaycan ədəbiyyatı maddi böhran içindədir

“Savaş və Duman”ın müəllifi etiraf edir ki, kitabını valideynlərinin pulu ilə çap etdirib

Dəstək yoxdursa, əsər də yoxdur, yazıçılar yaradıcılığı dayandırmaq həddindədir

“Dünyanın heç bir yerinə belə biabırçılıq yoxdur. Yazıçı qonorar almalıdır, daha öz pulu ilə kitab çap etdirməməlidir”.

Bunu Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyində keçirilən “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfransda deyib.

“Müharibə mövzusunda yazan yazıçılara o kitabları çap etdirmək üçün vəsait lazımdır. Bununla bağlı yazıçılara dəstək göstərilməlidir”, - Xalq yazıçısı vurğulayıb.

Yazıçı-dramaturq Seyran Səxavət “Sherg.az”a açıqlamasında Çingiz Abdullayevin iradını haqlı saydığını bildirdi: 

- Çingiz Abdullayevin iradı acı reallıqdı. Özü də bunu təkcə müharibə ilə bağlı əsərlərə şamil etmək, bu qəbildən əssərlərin nəşrinə, həmin yazıçılara birdəfəlik yardım ayırmaq, əsərlərini nəşr etdirmək də düz olmaz. Küll halında Azərbaycan Yazıçılar Birliyinə güclü dəstək lazımdır. Ən azı AYB-nin mətbu orqanlarına - “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan”, “Ədəbiyyat qəzeti” – bunların qonorarı sovet dövrünün, Sovet Azərbaycanının səviyyəsinə qaldırılsa yazıçıların problemləri 65-70 faiz həll olunar. Məsələni köklü surətdə həll etmək lazımdır. Yazıçılar öz qonorarı ilə normal dolanmalı, öz kitabını da nəşr etdirməlidir. Bazar iqtisadiyyatı deyilən anti-insani bir sistem atılıb ortaya, hər şey bazara bağlıdır. Vaxtilə ancaq öz mənfəətini, qazancını güdən, alverlə məşğul olanlara “filankəs bazar adamıdı”, deyirdilər. Bazara münasibət aydındır. Dünyəvi proses gedir, buna etiraz edə bilmərik, etsək də faydası olmaz. Bazar iqtisadiyyatı olsun ey, amma insan iqtisadiyyatı da olsun. Yazıçı nəylə dolansın? Ancaq AYB-nin mətbu orqanlarının qonorarı sovet dövründəki səviyyəsinə qaldırılmalıdır ki, yazıçı dolana bilsin, öz əsərini, kitabını çap etdirsin, lazım olanda başqalarına da kömək etsin. Belə olmalıdır. 

44 günlük Vətən müharibəsindən bəhs edən “Savaş və Duman” sənədli romanın müəllifi, yazıçı-publisist Səxavət Məmməd də Çingiz Abdullayevin iradını haqlı sayaraq təklifini müsbət qarşıladı: 

- Bir insan əgər sevgidən, məhəbbətdən, fəlsəfədən lələrdən, hər nədənsə, kitab yazırsa, bu, təbii ki kommersiya xarakterlidir, bunu yazıçı kimi edib, deyilsə ki dəstək olmasa da olar, bu, hardasa başadüşüləndir. Amma elə sahələr var ki ona mütləq şəkildə dəstək olmalıdır. Biz niyə dövlətin dəstəyinin olmasını istəyirik, çünki ABŞ-də, Avropada, hıtta Rusiyada, Türkiyədə yaşamırıq ki, oxucu mədəniyyəti üst səviyyədə olsun, kitablar nəşr olunsun və satılsın, yaxud nəşriyyatlar elı formada qonirar versin ki zəhmət çəkən qazanc əld edə bilsin. Bura Azərbaycandır və elə bir vəziyyətdir ki kənar dəstəyin olması vacib şərtdir. Açıq deyim, mən “Savaş və Duman”ın nə yazılmasında, nə nəşrində, nə ortaya çıxmasında, heç bir dəstək almamışam. Gördüm ki, heç bir dəstək yoxdur, valideynlərimin maddi dəstəyi ilə nəşr etdirdim. Bu əsərlə müharibəni maksimum dərəcədə, ən azından müharibənin önəmli hissələrini çalışdım çatdırım. Amma kitabın nəşri yazıçıdan, jurnalistdən daha çox, dövlətin marağında olmalı idi. Müharibə 5 ildir bitib, 6-cı ilə keçir, ortada xüsusi bir əsər yoxdur. Reallıq budur ki, mənə heç bir dəstək olmayıb. Əsirlikdən qaçanlarla bağlı əlimdə hazır materiallar var. Bu da müharibənin ən ağrılı tərəfidir. Amma yekunlaşdırmıram, açığı, hazırkı vəziyyətdə nəşr etdirməyi də düşünmürəm. Çünki maliyyəm yoxdur, bu işdən gəlirim də olmayacaq, ona sərf etdiyim vaxtı digər işlərimi görərəm, dolanışığımı təmin edərəm. Anti-terror əməliyyatı ilə bağlı da əldə materiallar toplamışam. Dəstıək olmadığna görə, yazmağı, ərsəyə gətirməyi hələ ki düşünmürəm. Bu vəziyyət davam edəcəksə, etməyəcəm. Bu cür əsərlərin ərsəyə gəlməsi asan deyil. Ağır mənəvi tərəfi də var. Mənən yüklənir insan, amma qarşılığını görmür. Nəyə görə yazasan?! Reallıq bundan ibarətdir. Vəziyyətə real yanaşıram. Nəşriyyatlar normal qonorar vermir. Versələr, nəşr edərəm.