Göktürk Ömer Çakır: “Məqsədimiz Türkiyədə Azərbaycan ədəbiyyatına marağı artırmaqdır”
Kitab sərhədlər tanımadan insanı fərqli coğrafiyalara aparan, başqa mədəniyyətlərin ruhuna bələd edən və bəşəriyyətin keçmişini bu günə daşıyan körpüdür. Ensiklopedik alim Əbu Turxanın təbirincə desək, ordu torpaqları, kitab könülləri fəth edir. Daha çox kitablarla insanların könlünü fəth etmək və kitab oxumaq mədəniyyətini xalqa aşılamaq məqsədilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi təşkil edilib. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil olunan sərgidə, 32 ölkədən 59 nəşriyyat və təşkilat təmsil olunur. Sərgidə yerli yazıçı və şairlərlə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn nüfuzlu müəlliflər, eləcə də tədqiqatçılar iştirak edirlər. Qardaş Türkiyənin köklü və aparıcı nəşriyyat evlərindən biri olan “Ötüken Nəşriyyat” da bu mötəbər sərgiyə qatılıb.
“Ötüken Nəşriyyat”ın baş direktoru Göktürk Ömer Çakır sərgi çərçivəsində Sherg.az-a verdiyi eksklüziv açıqlamada nəşriyyatın fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı planlardan danışıb:
“1964-cü ildə İstanbulda təsis olunan və 62 illik zəngin fəaliyyət tarixinə malik olan «Ötüken Nəşriyyat» türk milliyyətçiliyi, tarixi və dili sahəsində öndə gələn nüfuzlu müəssisələrdəndir. Qurumun zəngin kataloqunda təqribən 2500-ə yaxın nəşr yer alır. Hər il təqribən 150-160 adda kitab işıq üzü çıxaran müəssisə, eyni zamanda, «Milli Mecmua» və «Söğüt Dergisi» olmaqla iki aylıq dövri nəşri də oxucuların ixtiyarına verir”.
Mədəniyyət Nazirliyinin dəvəti ilə Bakıda təşkil olunan kitab sərgisinə qatıldıqlarını bildirən G. Ö. Çakır səfərin əsas məqsədini bu sözlərlə qiymətləndirib:
“Buraya azərbaycanlı həmkarlarımızla qarşılıqlı nəşr əməkdaşlığı qurmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə gəlmişik. Kitablarımızı onlara təqdim edirik, onlar da öz nəşrlərini bizə göstərirlər. Qarşılıqlı əməkdaşlıq sayəsində gələcəkdə bizim kitablarımız Azərbaycanda, Azərbaycan nəşriyyatlarının kitabları isə Türkiyədə işıq üzü görəcək”.
G.Ö.Çakır “Ötüken Nəşriyyat”ın Azərbaycan və Türk ocaqları ilə kəsişən mənəvi yollarından bəhs edib:
“İstanbul Türk Ocağının üzvü kimi Bakıdakı sərgi çərçivəsində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə görüşmək bizim üçün gözəl fürsət oldu. Türk ocaqları qardaş ölkələrin gəncləri arasında əməkdaşlığın, ortaq dil və mədəniyyətin, milli adət-ənənələrin qorunub təbliğ edilməsində əvəzsiz xidmətlərə malikdir. Həmin ocaqların gənclərə aşıladığı türk ruhunun təsiri ilə türkçülük mövzusunda nəşr etdiyimiz əsərlər böyük maraqla qarşılanır”.
Türkiyəli qonağımız Azərbaycanda yayımlanması nəzərdə tutulan kitablardan söz açıb:
«Türk dünyasındakı fəaliyyətimizdə böyük önəm verdiyimiz kitablardan biri tanınmış tədqiqatçı və televiziya proqramçısı Ahmet Yeşiltepenin qələmə aldığı “Türk Dünyası Kültür Atlası”dır. Bu kitab yaxın gələcəkdə Azərbaycan Türkçəsində də nəşr olunacaq”.
Nəşriyyatın Türk dünyası ədəbiyyatına xüsusi önəm verdiyini qeyd edən baş direktor bu istiqamətdə görülən işləri diqqətə çatdırıb:
“Daha əvvəl Məmməd Əmin Rəsulzadənin seçmə əsərlərini nəşr etmişik. Həyatını Türk dünyasının birliyinə və maariflənməsinə həsr edən İsmayıl Qaspıralının irsi bizim üçün hər zaman diqqət mərkəzində olub. Məhz buna görə də professor Yavuz Akpınarın ərsəyə gətirdiyi “İsmail Gaspıralı Seçilmiş Eserleri 1 - Roman ve Hikayeleri” kitabını nəşr etdik. Yaxın gələcəkdə isə dahi mütəfəkkirin “Tərcüman” qəzetində işıq üzü görən bütün yazılarını oxuculara təqdim etməyi hədəfləyirik. Bununla yanaşı, satirik şair Mirzə Ələkbər Sabirin məşhur “Hop-hopnamə”sinin elmi nəşrinin Türkiyədə yenidən yayımlanması da qarşıdakı mühüm planlarımız sırasındadır”.
G. Ö. Çakır rəhbərlik etdiyi qurumun belə layihələrə heç vaxt maddi və ya ticari maraq çərçivəsində yanaşmadığını vurğulayıb:
“Biz bunu nəşriyyatımızın əsas missiyası olaraq görürük. Məqsədimiz Türkiyədə Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı məlumatlılığı və marağı artırmaqdır. Eyni həssaslığı Balkanlar və Türküstan ədəbiyyatı üçün də göstəririk”.
Sonda “Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlı türkiyəli qonağa müəllifi olduğu kitabları hədiyyə edib.


