Ekoloq hesab edir ki, iqlim dəyişmir, baş verənlər dövri prosesdir
"Son dövrlər baş verən intensiv yağıntılar quraqlırq dövrünün yerini yavaş-yavaş rütubətli dövrə verdiyini göstərir"
Abşeron yarımadasında, o cümlədən Bakıda dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur. Aprelin 14-ü axşam saatlarında paytaxta yağan dolu barədə danışan Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, olu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir. 
Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir. Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may–iyun aylarında da qeydə alınır. Dünən Bakıya dolu yağması da nadir hadisələrdən biridir.
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu hadisələrin mənbələri məlumdur: 
- Uzun müddət, 10 illiklər ərzində, Azəbacyanda, Aralıq dənizi hövzəsi, ta İrana qədər olan ərazilərdə quraqlıq dövrü olan dövr hakim olub. Heç bir iqlim dəyişikliyi yoxdur. Bunu prezident İlham Əliyev BMT-də çıxışı zamanı da səsləndirmişdi. Bu, dövrilik tendensiyasıdır. Doğrudan da bu, təkrarlanan hadisədir. Azərbaycan ərazisinə 9 istiqamətdən hava axınları daxil olur. Əsasən Bakı hava axınlarının mərkəzindədir. Şərqdən, şimaldan hava axınları ölkə ərazisinə daxil olur. Hər nə qədər Böytk Qafqaz sıra dağları hava axınlarının qarşısını alsa da, yenə də Bakıya təsir edir. Hazırda Azərbaycan ərazisində iqlimdə rütubət artımı var. Məsələn, Naxçıvanda yağıntı 40 faiz artıb. Ümumiyyətlə, bu il yağıntılar həddindən artıq uzun çəkdi. Çoxillik rəqəmlərdə 2 dəfədən çox hesablanır düşən yağıntının miqdarı. Bu, böyük bir dəyişiklikdir. Yağıntıların əsas mənbəyi qərbdən - Atlantik okeanından gələn hava kütlələridir. Buna Qolfstrim cərəyanının bir qolu deyilir. Azor maksimumu adlanır. Bu anti-siklonun bir hissəsi bizim ölkəni tutur. Şimaldan, Sibirdən gələn soyuq hava kütlələri ilə Atantik okeanından gələn isti hava kütlələri toqquşanda müxtəlif atmosfer hadisələri ola bilir, dolu düşməsi, ildırım çaxmaları. Atmosfer cəhbəsinin toqquşması nəticəsində anomal hadisələr baş verir. Son dövrlər baş verən intensiv yağıntılar quraqlırq dövrünün yerini yavaş-yavaş rütubətli dövrə verdiyini göstərir.