İqlim dəyişmələrinə xüsusi diqqət ayırılmalıdır
Cavidan Məmmədov iqlim anomaliyalarının davam edəcəyini açıqladı
Rauf Ağamirzəyev iqlim fəlakətinə qarşı təcili tədbir çağırışı etdi
Qlobal iqlim dəyişmələri dünyamızı təhdid edir. Bu, Yer kürəsinin hər bir sakininin həyatını, dinc yaşayışını təhlükə altında qoyur. Paytaxtımızın bu günlərdə ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu, eləcə də 2024-cü ildə keçirilmiş COP-29 beynəlxalq tədbirləri məhz qlobal iqlim dəyişmələrinin bəşəriyyətə təsirinin azaldılması istiqamətində müzakirələrin əsas məkanı oldu. Ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar da iqlim dəyişmələrinin həyatımıza hansı ziyanlar vura biləcəyini göstərir.
Lənkəran Dövlət Universitetinin baş müəllimi, meteoroloq Cavidan Məmmədov "Sherg.az"a açıqlamasında bildirdi ki, qlobal iqlim dəyişiklikləri öz təsirini göstərməkdədir:
- Ölkəmiz ərazisində may ayında havaların soyuq keçməsi ilk dəfə deyil. Son 4 ilin göstəricilərinə baxsaq, görərik ki, may ayı daha çox qeyri-sabit keçir. 2002-ci ildə may ayında gündüz Bakıda havanın temperaturunun 9 dərəcə olmağı yaxşı yadımdadır. Sadəcə, bu hallar əvvəllər daha qısamüddətli olurdu, 1-2 gün çəkirdi. Son illərdə isə daha uzunmüddətlidir. Məsələn, 2003-cü ildə iyun ayı çox soyuq keçdi. Lerikdə hətta qar yağmışdı, iyun ayında. Bakıda da temperatur kəskin enmişdi. Bu il isə may ayında havaların ümumən iqlim normasına yaxın, yağıntıların isə bəzi günlərdə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, iqlim dəyişmələrinə xüsusi diqqət ayırılmalıdır:
- İntensiv yağıntılar və su basma hallarını nəzərə alaraq, iqlim dəyişikliyi mövzusuna daha çox diqqət ayrılmalıdır. Həm iqlim dəyişiklikləri ilə bağlı maarifləndirilməyə, həm onun təsirlərinin, data bazalarının toplanmasına, müasir dünyada tətbiq edilən yanaşmaların ciddi tətbiqinə ehtiyac var. Yəni CİS (çoğrafi informasiya sistemi) xəritələrin formalaşması, il ərzində davam edən bu növ halların xəritələşdirilməsi və açıq data bazaları formasında əlçatan formada tətbiq olunması və təsirlərin azaldılması üstündə işlərin görülməsinə ehtiyac var. Həmçinin yeni infrastruktur layihələrində dəmiryolu, avtomobil yolu tikintisində bunların nəzərə alınması mütləq şəkildə ənənəvi qayda ilə yox, son illərin baş verən hadisələri ciddi təhlil etməklə, önləyici tədbirlər də görülməlidir. Son zamanlarda müşahidə olunan odur ki, iqlimin dəyişməsi nəticəsində təkcə Bakı şəhərində yağıntılar intensivləşib. İnfrastruktur layihələrində, əgər hal hazırda tikinti aparılırsa da bunun təkrar təhlilinə, yeni layihələrdə nəzərə alınmaqla tətbiqinə ehtiyac var.