Arda Turanın paylaşdığı məktublar izləyiciləri kövrəltdi

Ukraynanın "Şaxtyor" Donetsk komandası ilə ilk mövsümündə çempionluq yaşayan baş məşqçi Arda Turan sosial şəbəkədə övladlarının ona yazdığı duyğusal qeydləri paylaşıb.

Sherg.az xəbər verir ki, müharibə səbəbindən ailəsindən uzaqda çalışan Arda Turan böyük oğlu Hamza Ardanın “Canım atam, çox işlədiyin üçün çox üzgünəm. Sənin üçün çox darıxmışam, səni çox sevirəm” sözlərini yazdığı məktubu izləyicilərlə bölüşüb.

Kiçik oğlu Asil Aslan isə atasına ünvanladığı qeyddə “Ata, yaxşı ki gəldin, sənin üçün çox darıxmışdım” ifadələrinə yer verib.

Arda Turan paylaşımında ailəsinə təşəkkür edərək bildirib ki, məsafələrə baxmayaraq onları bir arada saxlayan həyat yoldaşı Aslıhan Doğan Turan və övladlarının sevgisi onun ən böyük qazancıdır.

“İndi telefonu bir kənara qoyub, "Ata, yaxşı ki gəldin, səni çox sevirik, çox darıxmışıq" deyən Hamza və Asillə birlikdə uşaq olmağın vaxtıdır”, - deyə A. Turan qeyd edib.