“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb

İngiltərənin “Arsenal” klubundan ayrılan braziliyalı futbolçu Qabriel Jezus karyerasını İspaniya La Liqasında davam etdirəcək.

AZƏRTAC tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Barselona”ya keçir. Kataloniya təmsilçisi təcrübəli forvardın transferi üçün London klubuna ümumilikdə 14 milyon avro təzminat ödəyəcək. Bundan başqa, “topçular” Jezusun gələcəkdə başqa kluba mümkün satışından 20 faiz pay alacaq.

Futbolçu tibbi müayinədən keçmək üçün bu gün Barselonaya yollanacaq. Onunla 2+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Qabriel Jezus ötən mövsüm “Arsenal”ın heyətində 27 oyun keçirib, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.