Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi San-Marino yığması ilə yoldaşlıq görüşündə tam fərqli heyətlə mübarizə aparacaq.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov oyundan öncə mətbuat konfransında deyib.
O, təlim-məşq toplanışının gedişatı və komandanın hədəfləri barədə danışıb:
"Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacib olanı futbolçuları iş başında görmək idi. Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır. Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi. Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San-Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq."
Xatırladaq ki, yığma toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə uduzub.