"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi axtarışlarını davam etdirərkən dünya futbolunun tanınmış simalarından biri olan Zinəddin Zidan ilə bağlı sensasion iddia ortaya atılıb.

Sherg.az xəbər verir ki, məlumata görə, klub prezidenti Serdal Adalı çempionluq hədəfi çərçivəsində səs-küylü addım ataraq Zidan tərəfi ilə ilkin təmas qurub. Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir.

2021-ci ildə "Real Madrid"dən ayrıldıqdan sonra heç bir komandada işləməyən Zidanın uzun müddətdir Fransa millisinin baş məşqçi postunu gözlədiyi qeyd olunsa da, onun "Beşiktaş" layihəsinə tamamilə mənfi yanaşmadığı iddia edilir.

Xəbərdə vurğulanır ki, klubun tarixi, güclü azarkeş bazası və yenidənqurma planı fransalı mütəxəssisin marağına səbəb olub. Beşiktaş rəhbərliyinin yaxın günlərdə məsələ ilə bağlı konkret addımlar atacağı gözlənilir.

Qeyd edək ki, Zidan məşqçi kimi "Real Madrid"lə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub və futbol tarixinin ən uğurlu baş məşqçilərindən biri hesab olunur.