DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq

Türkiyə Futbol Federasiyası (TFF) futbolda tətbiq olunacaq yeni oyun qaydaları ilə bağlı açıqlama yayıb.

Teleqraf xəbər verir ki, TFF 2026-cı il dünya çempionatında ilk dəfə tətbiq olunan yeni qaydaların 2026/2027 mövsümündən etibarən Türkiyədə də qüvvəyə minəcəyini bildirib.

Federasiyanın açıqlamasında UEFA-nın yeni oyun qaydaları ilə bağlı tətbiq prinsiplərini üzv federasiyalara və beynəlxalq oyunlarda təyinat alacaq hakimlərə rəsmi şəkildə çatdırdığı qeyd olunub.

TFF-nin Mərkəzi Hakimlər Komitəsi Avropadakı digər milli federasiyalarla uyğun şəkildə yeni qaydaların düzgün və vahid anlayışla tətbiq edilməsi üçün geniş təlim və məlumatlandırma prosesi planlaşdırıb.

Bu çərçivədə mövsüm öncəsi hakim seminarında UEFA təlimçisinin iştirakı ilə hakimlərə təlim keçiriləcək. Daha sonra təşkil olunacaq mətbuat brifinqində yeni oyun qaydalarının tətbiq prinsipləri və Türkiyə liqalarına təsiri ictimaiyyətə açıqlanacaq.

Klublar üçün “Oyun Qaydaları Seminarları” ilə bağlı məlumat məktubu iyulun 2-də Klublar Birliyi vasitəsilə göndərilib. Klublardan təlim tələblərini iyulun 10-dək TFF-yə bildirmələri istənilib.

Qeyd edək ki, təlim və məlumatlandırma tədbirləri Super Liqa və 1-ci Liqa ilə yanaşı, 2-ci və 3-cü Liqa klublarını da əhatə edəcək.